Mərkəzi Bank yeni strategiya layihəsi hazırlayacaq

2019.04.30 17:19 (UTC+04:00)

Azərbaycanın rəqəmsallaşma strategiyasının hazırlanması ilə bağlı Mərkəzi Bankla İBM şirkəti arasında müqavilə imzalanıb. Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, strategiyanın layihəsi hazırlandıqdan sonra hökumətə təqdim ediləcək: "Rəqəmsallaşma bütövlükdə iqtisadi artımın yüksəlməsinə imkan verir. Bu, internet inqilabından sonra baş verən növbəti inqilabi mərhələdir. Ona görə də biz mütləq bu strategiyanı qəbul edib onu reallaşdırmalıyıq".

Sədr "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın da uğurla reallaşdığını qeyd edib. Bildirib ki, artıq proqramın 67 faizi üzrə məsələlərin icrası tam başa çatdırılıb, 18 faizi qismən icra olunub, 15 faizi isə icra prosesindədir. Bunun yaxşı göstərici olduğunu deyən E.Rüstəmov bu dövr ərzində 17 milyard manata qədər nağdsız ödənişlərin daxil olduğunu bildirib:

"Dövriyyədə olan nağd pulun əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulub. Bu istiqamətdə görülən işlər Vergilər Nazirliyi və digər qurumlarla birgə olduqca sıx koordinasiya edilir. Burada əsas məsələ institusional islahatlardır. Nağd iqtisadiyyat nəticədir, səbəb deyil. Səbəb "kölgə iqtisadiyyatı"dır. Dünyada "kölgə iqtisadiyyatı"nın həcmi təxminən 25 trilyon dollardır. Azərbaycanda bu sahədə azalma gedir: son 15 ildə "kölgə iqtisadiyyatı" təxminən 22 faiz azalıb, ancaq bu istiqamətdə daha optimal səviyyəyə çatmaq üçün kompleks islahatlar aparılmalıdır".

E.Rüstəmov son illərdə Azərbaycanda ən müasir tələblərə cavab verən ödəniş sisteminin qurulduğunu bildirib: "Mən xatırlayıram ki, 1990-cı illərdə Naxçıvandakı bankdan Xaçmaz bankına vəsait təxminən bir aya köçürülürdü. Təbii ki, texniki baza olmasa, hətta "kölgə iqtisadiyyatı" olmadığı şəraitdə də nağd pula ehtiyac çoxalır. Bunun üçün müasir ödəniş sistemi yaradılır və xüsusi layihələr icra edilir". Mərkəzi Bankın sədri "kölgə iqtisadiyyatı"nın azaldılmasına yönələn tədbirlərin nəticə verdiyini vurğulayıb: "2019-cu ildə sosial yığımlar və vergilərin həcmi əhəmiyyətli dərəcədə artıb. Bağlanmış əmək müqavilələrinin sayı artıb. Bu onu göstərir ki, həmin artımlar öz müsbət nəticəsini göstərəcək".