Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun "Gənclərin məşğulluğu proqramı" ilə bağlı Bakıda və bölgələrdə təqdimatlar təşkil edilib. Gənclərin diqqətinə çatdırılıb ki, yaşı 18-29 olan, ali və ya orta-ixtisas təhsil müəssisələrini bitirən və hazırda heç bir yerdə çalışmayan şəxslər proqramda iştirak etmək üçün elektron formada qeydiyyatdan keçə bilərlər. Müraciəti müsbət cavablandırılan gənclər işə cəlb olunacaq və onların əmək haqlarının 50 faizə qədərini 12 ay müddətinədək Gənclər Fondu subsidiya formasında ödəyəcək. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial cəhətdən həssas kateqoriyaya mənsub və bölgələrdə yaşayan gənclərə üstünlük veriləcək.
Gənclər Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da əldə edəcəklər. Onlar fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn qaydada müvafiq vakansiyaya müraciət edə bilərlər.