"İxrac icmalı"nın növbəti buraxılışı təqdim olunub

2019.04.30 18:31 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın 2019-cu ilin aprel ayı üçün sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikasının ixracı 4,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard ABŞ dolları və ya 34 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 415 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 59 milyon ABŞ dolları və ya 16,5 faiz artıb. Bu ilin birinci rübü ərzində Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon və İrana 12,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 2 faiz, Gürcüstana 58 faiz, İtaliyaya 74 faiz artıb.

2019-cu ilin I rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 milyon ABŞ dolları) ikinci və mahlıc (37,4 milyon ABŞ dolları) üçüncü olub. Ümumiyyətlə, bu dövr ərzində meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmas və ondan hazırlanmış məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanmış məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 17,6 milyon, qara metallar və onlardan hazırlanmış məmulatların ixracı 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 milyon, pambıq ipliyi ixracı 6,4 milyon ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 50 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, pambıq ipliyinin ixracı 34 faiz, meyvə-tərəvəzin ixracı 28 faiz, elektrik enerjisinin ixracı 13 faiz artıb.

2019-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 133,7 milyon ABŞ dolları təşkil edib. Həmin ayda qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə (35,7 milyon ABŞ dolları), Rusiyaya (33,3 milyon ABŞ dolları) və Gürcüstana (13,2 milyon ABŞ dolları) ixrac edilib. Mart ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12,3 milyon ABŞ dolları) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

"İxrac icmalı"nın aprel sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də təqdim olunub. Bu ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Socar Polymer" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, "TST Export" MMC, "Sun Food" MMC, "Azhazelnut" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Baku Steel Company" MMC, "Azerstar" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "CTS-Agro" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC, "Azəripək" MMC, "Azərbaycan Dəmir Yolları" QSC.

"İxrac İcmalı"nda xidmət ixracına da yer verilib. Bildirilir ki, 2019-cu ilin birinci rübündə "Azərkosmos" ASC tərəfindən dünyanın 17 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85 faizini təşkil edib. Bu ilin mart ayında isə "Azərkosmos" ASC dünyanın 17 ölkəsinə 5,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Yanvar-mart aylarında xidmət ixracı həyata keçirilən əsas ölkələr ABŞ, Fransa, BƏƏ, Almaniya, Birləşmiş Krallıqdır.

"İxrac icmalı"nda məlumat verilib ki, 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu dövr ərzində ölkəmizə gələn əcnəbi vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon manat olub. Bu ilin mart ayında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının bank kartları vasitəsilə apardıqları əməliyyatlar isə 98 milyon manat təşkil edib.

İcmalda 2019-cu ilin yanvar-mart ayları ərzində "Azexport.az" portalına daxil olmuş ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, ilin ilk üç ayında portala 178,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Mart ayında portala daxil olmuş ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon ABŞ dolları təşkil edib. Həmin sifarişlərin ilk beşliyində Rusiya (11,5 faiz), Türkiyə (9,9 faiz), ABŞ (7 faiz), Hindistan (6,6 faiz) və Gürcüstan (5,3 faiz) qərarlaşıb. Mart ayında ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və s. mallara daxil olub.

Həmçinin, "İxrac icmalı"nda göstərilib ki, bu ilin aprel ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9,9 milyon ABŞ dolları olub. İlin ilk üç ayı ərzində Mərkəz tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib. İcmalda "Azexport.az" portalı vasitəsilə Hindistana yun ixracı ilə bağlı aparılan danışıqlar, "İxrac strategiyası" mövzusunda keçirilən təlim, Qətərə və Latviyaya təşkil olunan ixrac missiyaları və s. məsələlər barədə də məlumatlar yer alıb.