Portuqaliyada kriptovalyuta aktivlərinə vergi tətbiq ediləcək

2022.10.19 15:08 (UTC+04:00)

Portuqaliyanın Maliyyə Nazirliyi bir ildən az müddətə saxlanılan kriptovalyuta aktivlərindən əldə edilən gəlirlərə kapital artımı vergisi tətbiq etməyi təklif edib. Ölkənin gələn il üçün dövlət büdcəsi layihəsində bu gəlirdən 28%-lik dərəcə ilə vergi tutmaq təklif edilib. Sənəd artıq Portuqaliya parlamentinə təqdim edilib.

Yayılan məlumatlara əsasən, bir il və ya daha çox müddət ərzində saxlanılan kriptovalyutalardan əldə edilən gəlirlər hələ vergiyə cəlb edilməyəcək.

Hazırda Portuqaliyada yalnız maliyyə şirkətləri və investisiya fondları tərəfindən aparılan kriptovalyuta əməliyyatları vergiyə cəlb olunur. Büdcə layihəsində gəlir və əmlakın vergiyə cəlb edilməsi ilə bağlı kriptoaktivlərə tətbiq olunan geniş və adekvat vergi bazasının yaradılmasının zəruri olduğu göstərilir.

Dövlət büdcəsi layihəsində kriptovalyutaların miras kimi pulsuz ötürülməsi nəzərdə tutulub, rəqəmsal aktivlərlə vasitəçilik əməliyyatlarına görə tutulan komissiya haqlarından isə 4%-lik dərəcə ilə vergi tutulması təklif edilib.