ƏDV qeydiyyatına alınmaq üçün hansı tələblərə əməl olunmalıdır?

2022.10.20 09:52 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, bir əqd və ya müqavilə üzrə bir əməliyyat çərçivəsində təqdim edilən ƏDV-yə cəlb edilməli olan malların (işlərin, xidmətlərin) dəyəri 200.000 manatdan artıq olduğu halda, bu əməliyyatın aparıldığı günədək, mallar (işlər, xidmətlər) bir neçə əməliyyat çərçivəsində təqdim edildiyi halda isə ƏDV-yə cəlb edilməli olan əməliyyatların ümumi dəyərinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu aydan sonrakı ayın birinci günündən ƏDV məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaranır.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 155-ci maddəsi