İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “X5 Group” və Azərbaycan şirkətləri arasında ixrac müqavilələri imzalanıb.
Belə ki, bu il mayından indiyədək “X5 Group” Azərbaycanın “Aznar”, “Aqroazərinvest”, “Göygöl Şərab”, “Abşeron Şərab” və “TAC” şirkətləri ilə nar şirəsi, şərab və alkoqolsuz içkilərin Rusiyaya ixracı ilə bağlı müqavilələr imzalayıb. Artıq bir neçə müqavilə üzrə ixraca başlanıb.
Xatırladaq ki, bu ilin may ayında “X5 Group” nümayəndələrinin Azərbaycana səfəri zamanı AZPROMO-nun təşkilatçılığı ilə ölkəmizdə qida sənayesində fəaliyyət göstərən yerli şirkətlərin istehsal etdiyi məhsulların sərgisi keçirilib.
Qeyd: “X5 Group” Rusiyada “Pyaterochka”, “Perekrestok”, “Karusel”, “Chizhik” kimi ticarət şəbəkələrini, həmçinin “Vprok.ru”, “Many Salmon” və “5Post” rəqəmsal biznesləri idarə edir.