Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində Avropa istehlakçılarına qədər dəmir yolu, avtomobil və hava yolu üzrə geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışa malik olmayaraq, Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsini yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır.
“Biz Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu planlar əvvəldən mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin bu gün bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirildi - 9 ay ərzində 60 faiz artım. Bu, yüklərin nəqlində əhəmiyyətli göstəricidir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
“Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq”.
Bu barədə isə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.
Qardaş Qırğızıstan xalqını, eləcə də digər tərəfdaş ölkələri bu mühüm layihənin icrasına başlanması münasibətilə təbrik edən dövlətimizin başçısı deyib ki, nəqliyyat yoluna sahib olmaqla, Qırğızıstan hökuməti üçün prioritet sahələrdə investisiya siyasətini birgə həyata keçirməklə, bu gün Bişkekdə yarım il bundan əvvəl Bakıda imzalanan sənədlərə malik olmaqla, bəzi səbəblər üzündən əvvəlki illərdə əldən verdiklərimizin yerini qısa vaxt kəsiyində müəyyən dərəcədə doldururuq. Gələcək əməkdaşlığımızın başlıca istiqamətlərindən biri məhz konkret nəticələrə hədəflənməyimizdir.