Müəssisədaxili intizam qaydaları ilə bağlı tələblər

2022.10.10 15:10 (UTC+04:00)

Əmək Məcəlləsinin 182-ci maddəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.

Məcəllənin 183-cü maddəsində isə götərilib ki, müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir:

a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;

b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;

c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;

ç) əmək şəraitinin təmin edilməsi qaydaları;

d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;

e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.

Həmin maddənin 2-ci hissəsində qeyd edilib ki, müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən müəssisədaxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir.

Əmək Məcəlləsinin tələblərindən belə görünür ki, işəgötürənlər müəssisədaxili intizam qaydaları qəbul edə bilər və müəssisədaxili intizam qaydaları ilə bağlı tələblər nəzərə alınmalıdır.

Bəs intizam qaydaları qəbul edilməyibsə, hansı addımlar atılmalıdır?

Əmək Məcəlləsinə əsasən, işəgötürən qaydaları qəbul etməkdə sərbəstdir. Əgər konkret müəssisədaxili nizam-intizam qaydaları qəbul edilməmişdirsə, onda işəgörütən hər bir işçi ilə bağladığı əmək müqaviləsində konkret nizam-intizam qaydaları haqqında açıqlamalar verməli və hər iki tərəf bununla razılaşmalıdır.

Ümumiyyətlə, əmək müqaviləsinin məzmununda, həmçinin məcburi qaydada daxil edilməli olan tələblərdə intizam qaydalarında göstərilmiş tələblərin, demək olar ki, hamısı əks olunur.

Elə tələblər vardır ki, bunlar hər bir işçi üçün fərdi yox, ümumi tələblərdir, bütün müəssisədaxili intizam qaydalarına aidir. Odur ki, fərdi tələblərlərlə yanaşı, ümümi qaydalar da ya əmək müqaviləsinə daxil edilməlidir, ya da işəgötürən bütün müəssisə üçün ümumi müəssisədaxili intizam qaydaları tərtib etməli, işçi işə götürüləndə bununla tanış olub razılaşmalıdır. Bu halda işçinin fərdi əmək müqaviləsində nəzərdə tutulmuş qaydalarla yanaşı, ümumi intizam qaydalarına da əməl etmək öhdəliyi yaranacaq. Əks halda işəgötürən ümumi intizam qaydalarının pozulmasına görə işçiyə cəza verə bilməz.