Hindistan mal və xidmətlərlə bağlı vergi qanunvericiliyinə dəyişiklik edib

2019.04.30 13:53 (UTC+04:00)

Hindistanda bu ilin aprel ayından qüvvəyə minmiş yeni qanunvericilik normaları mal və xidmət təklif edən sahibkarların qanunvericiliyə riayət etməsini sadələşdirmək məqsədi daşıyır. Dəyişikliklər üç başlıca istiqaməti əhatə edir. Birincisi, mal tədarükçüləri üçün vergiyə cəlb edilməyən hədd artırılıb. Dəyişiklikdən sonra hazırda malların tədarükçüləri üçün qeydiyyat və əlavə dəyər vergisinin ödənişi üzrə iki hədd qüvvədədir: 4 milyon rupi (96.524 manat) və 2 milyon rupi (48.262 manat). Hər bir ştatın bu vergi dərəcələrindən birini müstəqil şəkildə seçmək hüququ var. Xidmət tədarükçülərinin qeydiyyata alınması üçün əvvəlki şərt isə dəyişdirilməyib: standart hədd 2 milyon rupi təşkil edir, xüsusi kateqoriyalı sahibkarlar üçün bu hədd 1 milyon rupidir (24.130 manat).

Bundan əlavə, xidmət tədarükçüləri üçün əvvəlki maliyyə ilində 5 milyon rupiyə (120.654 manat) qədər dövriyyəyə görə 6 faizlik vergi dərəcəsi müəyyənləşdirilib. Nəhayət, mallara bu vergi sxeminin tətbiq edilməsi üçün əvvəlki maliyyə ili üzrə illik dövriyyənin həddi 15 milyon rupiyə (361.963 manat) çatdırılıb.