Güzəştli mənzillərin növbəti seçim prosesi başa çatıb

2019.04.30 12:40 (UTC+04:00)

Aprelin 29-da Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 6 və 7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarda yerləşən 132 mənzilin satışı prosesinə başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatıb. Satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4.624 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir. Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin və "Ernst & Young" şirkətinin nümayəndələri tərəfindən müşahidə edilib.