Norveç hökuməti enerji böhranının iqtisadi nəticələrindən xeyli itkiyə məruz qalmış dövlət pensiya fondunu maliyyə cəhətdən sabitləşdirmək üçün 2023-cü il yanvarın 1-dən neft-qaz şirkətlərinin mənfəətindən tutulan vergiləri artırmağı qərara alıb. Bu barədə Krallıq hökumətinin bəyanatında deyilir. “Neft şirkətlərinin vergiyə cəlb edilməyən gəlirlərinin dərəcəsi 17,69%-dən 12,4%-ə qədər azalacaq”, - sənəddə bildirilir. Bu yeniliyin səbəbi isə "enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artması" ilə izah edilir. Səlahiyyətlilərin fikrincə, vergilərin artırılması Krallığın xəzinəsinə əlavə 2 milyard Norveç kronu (təxminən 200 milyon ABŞ dolları) gəlir gətirəcək. Hökumətin açıqlamasına görə, vergilərin artırılmasından əldə olunan vəsaitlər 2022-ci ilin birinci yarısında təxminən 173 milyard dollar zərər çəkmiş Norveç Dövlət Pensiya Fonduna köçürüləcək.
Avropa İttifaqına (Aİ) enerji resurslarının ən böyük ixracatçılarından biri olan Norveç son siyasi və iqtisadi vəziyyətlə əlaqədar 2022-ci ildə karbohidrogen hasilatını artırıb. Hazırda Aİ-nin idxal etdiyi mavi yanacağın həcminin təxminən dörddə birini Norveç hasil edir. Krallıq bir il əvvəlki 30 milyard avro ilə müqayisədə 2022-ci ildə enerji daşıyıcıları ixracından təxminən 100 milyard avro gəlir əldə etmək niyyətindədir.