Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 111-ci maddəsinin müddəalarına əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
Hüquqi şəxs iddia müddəti ərzində debitor borcun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi halda borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
Eyni zamanda Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
Qeyd olunanlara əsasən debitor borclar üzrə ümidsiz borc məbləğinin silinməsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra həyata keçirilə bilər.
Əsas: Vergi Məcəlləsinin 111-ci və Mülki Məcəllənin 373-cü maddələri.