Fransanın yeni "yol xəritəsi" açıqlanıb

2019.04.29 19:11 (UTC+04:00)

Prezident Emmanuel Makron Parisdəki Yelisey sarayında təşkil edilmiş mətbuat konfransında ölkə iqtisadiyyatının nizama salınması üçün nəzərdə tutulan yeni "yol xəritəsi" barədə açıqlama verib. "Yol xəritəsi" demokratiya, vergi və təhsil sahələrini əhatə edir. Fransa Prezidenti mətbuat konfransında vurğulayıb ki, məbləği 5 milyard avroya çatacaq vergi endirimlərinin yeri dövlət xərclərinin azaldılması və şirkətlərin vergi qanunvericiliyindəki boşluqlardan sui-istifadə etmələrinin qarşısının alınması ilə doldurulacaq. Bununla birlikdə fransız xalqının daha çox işləməli olduğu da xüsusi vurğulanıb.

E.Makron Fransada 1980-ci illərdən başlayan dövlət idarəçiliyində mərkəzləşmədən yerli idarəçiliyə keçidin 2020-ci ilin əvvəlində yeni mərhələyə keçəcəyini bildirib. O, ictimaiyyəti xüsusilə narahat edən məsələlərin – dövlət xidmətlərinin azalması, eləcə də dövlət xəstəxana və məktəblərinin bağlanması ilə bağlı problemin 2022-ci ilə qədər aradan qaldırılacağını qeyd edib.