"Doing Business"in ekspertləri Bakıda təlim keçir

2019.04.29 16:28 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının "Doing Business" hesabatı üzrə ekspertləri "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın işçi qruplarının nümayəndələrinə qurumun hesabatının metodologiyası istiqamətində təlimlər keçir. Təlimdə Komissiyanın işçi qruplarında təmsil olunan dövlət orqanlarının nümayəndələri iştirak edirlər.

Təlimin keçirilməsində əsas məqsəd 12 indikatordan ibarət olan "Doing Business" hesabatının hər bir indikatoru üzrə metodologiyanın tələblərinin işçi qrupların üzvlərinə öyrədilməsi, onların bu sahədə məlumatlılığının artırılması və daha yaxşı mənimsənilməsinin təmin edilməsi, eyni zamanda metodologiyanın tələbləri üzrə sualların cavablandırılması və müzakirələrin aparılmasıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, "Doing Business" ekspertlərinin belə bir təlim keçməsi növbəti islahatların dizayn edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması baxımından əhəmiyyətlidir. Təlimin keçirilməsi ilə işçi qrupların nümayəndələrinə dünya təcrübəsinin öyrənilməsi, metodologiya üzrə tələblərin daha dərindən mənilmsənilməsi və bacarıqlarının artırılmasına şərait yaradılıb.

İki gün davam edəcək təlimdə 50-dən artıq dövlət qurumunun nümayəndəsinin iştirakı təmin olunub.