Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək

2022.10.04 14:48 (UTC+04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Forum oktyabrın 5-6-da Ağdam və Bakı şəhərlərində təşkil olunacaq.

Sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə keçiriləcək. Post-konflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldiləcək.

İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetiriləcək.