Rüfət Quliyev: IGB çox mühüm strateji layihədir

2022.10.04 11:47 (UTC+04:00)

Avropanın enerji xəritəsini dəyişdirəcək Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Azərbaycan qazının bu regiona daha geniş miqyasda nəql olunmasına imkan verəcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, IGB təkcə Azərbaycan üçün deyil, Avropa üçün də çox mühüm əhəmiyyətə malik olan strateji layihədir.

R.Quliyev hesab edir ki, Azərbaycan IGB vasitəsilə Avropanın Rusiyadan daha əvvəl aldığı enerjini qismən bərpa edəcək. İnterkonnektor Avropa regionunun enerji təhlükəsizliyinin təmin olunmasına çox böyük töhfə verəcək: “Təbii ki, Azərbaycan qaza böyük tələbatın duyulduğu Avropa ölkələrinin böyük bir problemini – enerji ilə təchizatı həll edərək orada yaşayan xalqların, siyasi liderlərin də rəğbətini qazanır. Artıq dünya liderləri də Azərbaycanın çox uğurlu enerji siyasəti həyata keçirdiyini təsdiqləyirlər”.

Qeyd edək ki, ümumi dəyəri 240 milyon avrodan çox, ümumi uzunluğu 182 kilometr olan IGB Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir. IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.