Əslində, yuxarıda qeyd edilən iki variant da yanlışdır. Bu məsələ “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı ilə tənzimlənir.
Qərarın 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. İlk baxışdan qərarda vergilər deyildikdə, yalnız fiziki şəxslərin gəlir vergisinin, yoxsa digər icbari ödənişlərin də nəzərdə tutulub-tutulmadığını başa düşmək olmur. Dövlət Vergi Xidmətinin şərhinə görə, “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür.
Buna əsasən ,alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir.
Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.
Misal: İşçinin əməkhaqqı məbləği 800 manatdır və dövlət müəssisəsində çalışır. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqından 20% aliment tutulması barədə qərar çıxarılıb. Bu halda məcburi tutulmaların aparılmasına və alimentin tutulmasına nəzər yetirək:
Fiziki şəxslərin gəlir vergisi:
800 – 200 = 600 manat.
600 x 14% = 84 manat
Alimentin məbləği:
(800 – 84) x 20 % = 143,2 manat.
Sosial sığorta haqqı:
572,8 x 3 % = 17,18 manat.
İşsizlikdən sığorta haqqı:
572,8 x 0,5% = 2,86 manat.
İcbari tibbi sığorta haqqı:
572,8 x 2 % = 11,46 manat.
İşçiyə çatacaq əməkhaqqı:
800 – (84 + 17,18 + 2,86 + 11,46) – 143,2 (aliment) = 541,3 manat.
Bir sual da budur ki, işçinin iki iş yeri olduqda aliment hər iki iş yeri üzrə ümumi gəlirdən hesablanır, yoxsa əsas iş yeri üzrə gəlirdən?
Ailə Məcəlləsinə əsasən, aliment işçinin əməkhaqqından və başqa gəlirindən tutulmalı olduğu üçün işçi iki yerdə çalışırsa, aliment hər iki iş yeri üzrə ümumi gəlirdən tutula bilər.
Vergi Məcəlləsinin 102.1.5-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, aliment gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır. Yəni alimenti alan şəxsin gəliri 500 manat, alimentin məbləği 200 manatdırsa, onun vergi tutulan gəliri 500 manat olacaq.
Aliment əməkhaqqının tərkib hissəsinə daxil edilən gəlir olmadığı üçün ondan işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı da tutulmur.