- Azərbaycanla Qırğızıstan arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı imkanlarını necə qiymətləndirirsiniz?
- Məncə, bu imkanlar kifayət qədər genişdir. Ölkələrimiz arasında bir sıra oxşar cəhətlər var, məsələn, biz kənd təsərrüfatına böyük önəm veririk. Əməkdaşlıq üçün vacib sahələrdən biri turizmdir. Bu sahədə Bakının böyük nailiyyətləri var, Qırğızıstan da bu istiqamətdə işləyir. Bundan əlavə, son hadisələr fonunda Azərbaycanın bütün Mərkəzi Asiya ölkələri və Qırğızıstan üçün tranzit rolu mühüm əhəmiyyət kəsb edir və biz də bu istiqamətdə əməkdaşlıq edirik.
- Sizcə, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq üçün prioritet istiqamətlər hansılardır?
- Azərbaycandan Qırğızıstana investisiyaların cəlb edilməsi bizim prioritetlərimizdəndir. Düşünürəm ki, Qırğızıstan müxtəlif sahələr üzrə fəaliyyət göstərən Azərbaycan şirkətlərini qəbul etməkdə çox maraqlı olardı. Turizm, sənaye, kənd təsərrüfatı və nəqliyyat da mühüm istiqamətlərdir. Qırğızıstan kiçik ölkədir, ona görə də bu cür əməkdaşlığın inkişaf edə biləcəyi sahələri qeyd etmək lazımdır. Bundan əlavə, enerji layihələri də perspektivlidir. Xüsusilə neft məhsullarını idxal edən Qırğızıstan tədarük mənbələrinin şaxələndirilməsində maraqlıdır.
- Dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, bir çox ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarır. Bu kontekstdə Azərbaycanın tranzit potensialını necə dəyərləndirərdiniz?
- Fikrimcə, regionda baş verən son hadisələr fonunda, Qırğızıstan məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması daha məqsədəuyğundur. Biz hazırda yaranmaqda olan, Azərbaycanın əsas rol oynadığı, Mərkəzi Asiyanı Qara dənizlə birləşdirən irimiqyaslı layihəyə qoşulmaqda çox maraqlıyıq.
- Bakıda keçirilən CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumunun əhəmiyyətini necə dəyərləndirirsiniz? Sizcə, beynəlxalq iqtisadi qurumlar və beyin mərkəzləri mövcud qlobal problemlərin aradan qaldırılmasında hansı rol oynaya bilər?
- Bakıda keçirilən bu vacib forumda iştirak etməkdən məmnunluq duyuram. Qlobal çağırışların diqtə etdiyi hazırkı dövrdə bu cür tədbirlərin çox böyük əhəmiyyəti var. Mən əvvəllər də belə tədbirlərdə iştirak etmişəm. Beyin mərkəzlərində çalışan insanlar, əsasən, müstəqildirlər, bəzən mübahisəli, lakin yeni ideyalar irəli sürə bilirlər və dövlətlərin, o cümlədən öz ölkələrinin rifahı üçün maraqlı təkliflərlə çıxış edirlər. Bu da, əlbəttə ki, son nəticədə uğura nail olmaq üçün vacib amildir.
Tamilla MƏMMƏDOVA