Bolqarıstan Prezidenti Rumen Radev deyib ki, ölkəsi Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikdir: “Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək”.
R.Radev əlavə edib ki, Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışı olacaq: “Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar: “Strateji tərəfdaşlıq haqqında Bəyannamə yeddi il bundan əvvəl imzalanıb və bu illər ərzində bu strateji tərəfdaşlıq demək olar ki, bir çox sahələrdə özünü göstərmişdir. Mən Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Səfər zamanı apardığımız müzakirələr və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Qeyd etdiyiniz kimi, sabah Bolqarıstanda çox önəmli hadisə baş verəcək – biz Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin başlanğıcını qeyd edəcəyik. Bu münasibətlə bəri başdan Sizi təbrik edirəm”.
Dövlət başçımızın sözlərinə görə, bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir: “Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.
Amma haqlı qeyd etdiyiniz kimi, təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etməliyəm. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcəkdir”.