Gələn ildən pensiyalar nə qədər artacaq?

2022.10.01 11:28 (UTC+04:00)

Milli Məclisinin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişlər müzakirə olunub. Yeni təkliflər iki mühim istiqaməti əhatə edir:

- maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi

- qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması.

Bu barədə sosial şəbəkədə mülahizələrini bölüşən millət vəkili Vüqar Bayramov qeyd edib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur: “Qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi. Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əməkhaqqı 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün həmin vətəndaşlarımızın bu imkandan da faydalana bilmirdilər. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər”.

V.Bayramov qeyd edib ki, indeksasiya hər il yanvar ayında aparılır. Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq. Bu il minimum əməkhaqqı məbləğində artım olduğu üçün orta aylıq əməkhaqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq.

Millət vəkilinin sözlərinə görə, əgər 2022-ci ildə orta aylıq əməkhaqqı 15 faiz artarsa o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq. Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək.