İngiltərənin Premyer Liqasında oynayan futbolçuların qazancı artacaq

2022.09.30 13:30 (UTC+04:00)

İngiltərə hökumətinin vergi və sığorta ayırmaları ilə bağlı tətbiq etməyə hazırlaşdığı yeni tənzimləmədən sonra Premyer Liqada çıxış edən futbolçuların ildə təxminən 240 min funt sterlinq daha çox qazanacağı gözlənilir.

İngiltərə mətbuatında yayılan xəbərə görə, ən yüksək vergi dərəcəsinin 45 faizdən 40 faizə endirilməsi həftədə 75 min, ildə isə təxminən 4 milyon funt sterlinq qazanan orta liqa oyunçusunun qazancını daha da artıracaq.

Yeni tənzimləmənin onsuz da ən yüksək orta maaş alan İngiltərə Premyer Liqasını xaricdəki futbolçular üçün daha cəlbedici edə biləcəyi qeyd olunsa da, funtun dollar və avro qarşısında ucuzlaşmasının problem yaradacağı da istisna edilmir.

Xəbərdə həftədə 400 min funt sterlinq qazanan "Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştiano Ronaldonun ildə 1,3 milyon funt sterlinq daha çox qazanacağı oxucularla paylaşılıb.

Avropanın digər böyük liqalarından olan İtaliyada əcnəbi oyunçular ən azı iki illik müqavilə imzaladıqları təqdirdə maaşlarının ilk 50 faizini beş il müddətinə vergidən azad edə bilərlər. Vergi dərəcələrinin bölgələrə görə dəyişdiyi İspaniyada ən yüksək tranş 43 faizlə 47 faiz arasındadır, Almaniyada isə 274 min avrodan yuxarı qazancdan 45 faiz vergi tutulur.