Dövlət Neft Fondunun aktivləri 4,56 faiz artıb

2019.04.29 12:40 (UTC+04:00)

2019-cu ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 milyard 960,7 milyon manat, büdcə xərcləri isə 2 milyard 640,7 milyon manat təşkil edib. Fonddan verilən məlumata görə, bu dövrdə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 605 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat olub. Bu dövrdə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 1 milyard 355,7 milyon manat təşkil edib.

İlin ilk 3 ayında Fonddan dövlət büdcəsinə 2 milyard 615 milyon manat vəsait transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. Hesabat dövründə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 332 milyon manat olub.

2019-cu ilin 31 mart tarixinə ARDNF-nin aktivləri ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 4,56 faiz artaraq 40 milyard 273,3 milyon ABŞ dollarına çatıb. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına baş verib.