“Oxfam” beynəlxalq xeyriyyə təşkilatının icraçı direktoru Qabriela Buçer bildirib ki, aclıqla mübarizə aparmaq üçün dünya ərzaq sistemində monopoliyalar aradan qaldırılmalı və izafi mənfəət əldə edən şirkətlərə əlavə vergilər tətbiq edilməlidir. Nyu Yorkda 2022-ci il Klinton Qlobal Təşəbbüsündə (CGI) qida böhranı və qlobal sabitliyin pozulması təhlükəsi ilə bağlı paneldə çıxış edən Q.Buçer qida sisteminin son dərəcə kövrək və olduqca qeyri-bərabər formalaşdığını vurğulayıb: "Bütün sistem 1 faizə və son dərəcə böyük qida şirkətlərinə fayda verəcək şəkildə qurulub. Dünya ərzaq bazarının 70 faizinə dörd böyük şirkət nəzarət edir”.
Q.Buçer, Covid-19 pandemiyası zamanı 62 yeni "qida milyarderi"nin meydana gəldiyini, kiçik fermerlərin isə gübrə çatışmazlığı və iqlim dəyişikliyinin təsirləri səbəbindən ac qaldığını qeyd edib. Daha uzunmüddətli həll yollarının axtarılmasında əsas elementin bütün sistemi əhatə etmək olduğuna diqqət çəkən Q.Buçer deyib ki, bu çərçivədə, "xüsusilə qida sistemində monopoliya aradan qaldırılmalı və eyni zamanda, izafi mənfəət əldə edənlərə vergilər tətbiq edilməlidir”.
Q.Buçerin sözlərinə görə, pandemiya zamanı qida sistemində yığılmış izafi mənfəətin üzərinə gedilməsi investisiyalara müsbət təsir edəcək və kiçik fermerlərin davamlı dolanışıq əldə etmək üçün lazımi resurslar əldə etməsinə yardımçı olacaq.
Sərvət vergisinin uzunmüddətli perspektivdə resursları səfərbər etmək üçün istifadə oluna biləcək üsullardan biri olduğunu xatırladan Q.Buçer kiçik fermerlərin müntəzəm resurslara sahib olması üçün səy göstərilməli olduğunu bildirib. O, aclıqla mübarizənin qeyri-bərabərliyin həlli ilə ayrılmaz şəkildə əlaqəli olduğuna və pandemiyadan əvvəl aclığın artdığını göstərən uzunmüddətli bir tendensiyanın olduğuna diqqət yönəldib.
Qeyd edək ki, baş ofisi Keniyanın Nayrobi şəhərində yerləşən “Oxfam” yoxsulluq və ədalətsizliyə son qoymaq üçün bərabərsizliklə mübarizə aparan qlobal xeyriyyə təşkilatıdır.