Rusiyanın Maliyyə Nazirliyi bir neçə il davam edən müzakirələrdən sonra tərkibində şəkər olan içkilərin aksiz vergisindən gələn gəlirləri növbəti üç ilin büdcə gəlirlərinə daxil edib. “2023-cü il üçün büdcə, vergi və gömrük tarif siyasəti və 2024-cü və 2025-ci illərin planlaşdırma dövrü üçün Təlimat” layihəsinə görə, həmin vəsait şəkərli diabetlə mübarizəyə yönəldiləcək: "2023-2025-ci illərdə əlavə federal büdcə gəlirləri, o cümlədən tərkibində şəkər olan içkilərə aksiz vergisinin tətbiqi (diabetlə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə vəsaitin ayrılması ilə) gözlənilir" - sənəddə göstərilir.
"İnterfaks" agentliyiin dəqiqləşdirməsinə görə, yeni aksiz vergisi hesabına gələn il büdcəyə 25 milyard rubl əlavə vəsait cəlb etmək planlaşdırılır.
Qeyd edək ki, Rusiyada tərkibində şəkər olan içkilərə aksiz vergisinin tətbiqi bir neçə il əvvəl müzakirə olunmağa başlamışdı. İstehsalçılar bu fikrə qarşı çıxırlar. Onların qənaətinə görə, yeni aksiz vergisinin tətbiqi ilə alkoqolsuz içkilər kəskin bahalaşacaq.