BMT karbon qazı emissiyalarına və hava nəqliyyatına qlobal vergilərin tətbiqi təklifini müzakirə edəcək

2022.09.28 13:33 (UTC+04:00)

İqlim dəyişikliyi təhkükəsi ilə daha çox üz-üzə qalan dünya ölkələri ətraf mühitin çirklənməsinə görə tutulacaq bir sıra qlobal vergilərin tətbiqi ilə bağlı təklif verməyə hazırlaşırlar. Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetinin yazdığına görə, təkliflər BMT-nin Baş Assambleyasında müzakirə edilməlidir.

İqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan ölkələr təbii fəlakətlərin vurduğu yaraları sağaltmaq üçün inkişaf etmiş iqtisadiyyata malik ölkələrdən yığılacaq vergi gəlirlərindən faydalanmağı planlaşdırırlar. Qlobal vergilər karbon emissiyalarına, hava nəqliyyatına, dəniz yanacağına, qalıq yanacaqlara və maliyyə əməliyyatlarına tətbiq edilə bilər. “The Guardian”ın məqaləsində hər bir vergi növünün üstünlükləri və çatışmazlıqları, eləcə də bu vergilərə alternativlər kimi məsələlərə aydınlıq gətirilib. Qəzet hazırda yanacaq və ərzaq qiymətlərinin artması fonunda zəngin ölkələrin bu təkliflərlə razılaşacağına şübhə ilə yanaşır.

Qeyd edək ki, BMT-nin növbəti iqlim sammitinin noyabr ayında Misirdə keçirilməsi planlaşdırılır. Orada inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə görə dəymiş ziyanın kompensasiya edilməsi məsələsinin müzakirə olunacağı gözlənilir.