Giorgi Xiştovani: “Azərbaycanla sıx əməkdaşlıq ölkəmizə böyük fayda gətirir” MÜSAHİBƏ

2022.09.24 10:11 (UTC+04:00)

- İlk öncə sizin paytaxtımızla bağlı təəssüratlarınızı öyrənmək istərdik…

- Bu, Bakıya ilk səfərimdir və təəssüratlarım çox yaxşıdır. Azərbaycanın İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutu ilə CAREC arasında Anlaşma Memorandumunun imzalanmasına təsadüf edən tədbir çox maraqlı keçdi. Burada olduğum üçün məmnunam. Şadam ki, forumda iştirak edən qonaqlarla və ilk növbədə, Azərbaycanın “beyin mərkəzləri” ilə yaxından tanış oldum. Biz həqiqətən də region ölkələri ilə daha sıx əməkdaşlıq etmək istəyirik və ona görə də bu forum əlaqələrimizi dərinləşdirmək üçün çox yaxşı fürsət idi.

- Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Bakı ilə Tbilisi arasında iqtisadi əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir. Hesab edirəm ki, son 5 ildə Azərbaycan Gürcüstanın ən mühüm iqtisadi tərəfdaşına çevrilib. Bu, ilk növbədə, enerji sahəsində əməkdaşlığa aiddir. Xüsusilə dünyada müşahidə edilən mövcud enerji böhranı fonunda Azərbaycanla sıx əməkdaşlıq ölkəmizə böyük fayda gətirir. Bununla belə, enerji komponenti tərəfdaşlığımızın yalnız bir hissəsidir, bizim daha dərin əməkdaşlıq perspektivlərimiz var. Qida ticarətindən tutmuş xidmət sahələrinə qədər əməkdaşlıq hər iki tərəf üçün çox faydalı olardı.

Xüsusilə dünyada müşahidə edilən mövcud enerji böhranı fonunda Azərbaycanla sıx əməkdaşlıq ölkəmizə böyük fayda gətirir. Bununla belə, enerji komponenti tərəfdaşlığımızın yalnız bir hissəsidir, bizim daha dərin əməkdaşlıq perspektivlərimiz var.

- Dünyadakı mövcud vəziyyət, ölkələrin alternativ marşrutlar aradığı bir şəraitdə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların genişləndirilməsi potensialını necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, bu marşrut ölkələrimiz üçün ən yaxşı alternativlərdən biridir. Adətən, böhran dövründə ticarət sahəsində yeni imkanlar yaranır. Bu Orta Dəhliz həm Gürcüstanın, həm də Azərbaycanın ticarət dövriyyəsini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. İstərdik ki, hökumətimiz ilk növbədə bu fürsətə strateji baxımdan diqqət göstərsin və bizə verilən bütün üstünlüklərdən yararlansın.

- Azərbaycan və Gürcüstan arasında tranzit və logistika əməkdaşlığının gələcək inkişafını necə görürsünüz?

- Bu istiqamətdə ölkələrimizin uzunmüddətli qarşılıqlı faydalı perspektivləri mövcuddur. İndiki geosiyasi şəraitdə Gürcüstan və Azərbaycan vasitəsilə Avropadan Asiyaya tranzit yüklərin həcminin dəfələrlə artması üçün yaxşı imkanlarımız var. Hesab edirəm ki, hər iki ölkənin müvafiq qurumları bu istiqamətdə ciddi iş aparmalıdırlar. Qazaxıstan və Türkiyədən olan aktorlar da burada mühüm rol oynayırlar. Biz Orta Dəhlizin logistika və nəqliyyat potensialından danışarkən digər ölkələrin də fikirlərini nəzərə almalıyıq. Bu baxımdan, CAREC hərtərəfli müzakirələr üçün çox yaxşı platforma yaradır.

İndiki geosiyasi şəraitdə Gürcüstan və Azərbaycan vasitəsilə Avropadan Asiyaya tranzit yüklərin həcminin dəfələrlə artması üçün yaxşı imkanlarımız var.

- SOCAR Gürcüstanın ən böyük investorlarından biridir. Eyni zamanda, hər iki ölkə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq enerji layihələrini həyata keçirir. Dünyada baş verən hadisələr kontekstində enerji əməkdaşlığının genişləndirilməsi üçün hansı imkanlar açılır?

- Bəli, SOCAR Gürcüstanın enerji sektorunda çox böyük oyunçudur və iqtisadiyyatımızın kifayət qədər fəal iştirakçısıdır. Belə bir tanınmış şirkətin ölkəmizdə geniş fəaliyyəti bizi çox sevindirir.

Tamilla Məmmədova