Dövlətin əsas hədəfi kiçik və orta biznesin güzəştlərdən faydalanmasıdır

2018.12.12 10:00 (UTC+04:00)

Vergilər naziri Mikayıl Cabbarov İTV-nin "Biznes Azərbaycan" proqramına müsahibəsində deyib: "Bu ilin əvvəlində elan etdiyimiz kimi, biz 2018-ci ilə vergi inzibatçılığında keçid dövrü kimi yanaşırıq. Çünki yeni səhifədən başlamaq, həm vergi ödəyicisi, həm də vergi inzibatçısı olaraq hamımız birlikdə fəaliyyətimizi tam qanunvericiliyə uyğun şəkildə qurmaq, iş vərdişlərini dəyişmək və kölgədə olan biznes fəaliyyətlərini aşkara çıxarmaq üçün müəyyən bir dövr lazımdır. Amma keçid dövrü amnistiya demək deyil. Yəni biz heç bir şəkildə "nə olubsa-olub, yaxud ciddi qanun pozuntuları olub, biz buna göz yumacağıq" kimi siyasəti həyata keçirə bilmərik".

Nazir bildirib ki, 2018-ci ilin əvvəlində vəziyyət bir çox bizneslərin və işgüzar fəaliyyətlərin Azərbaycanın vergi qanunvericiliyinə deyil, oturuşmuş biznes vərdişlərinə və qismən qanunvericiliyə əsaslanan praktikalardan ibarət idi. Ona görə də Vergilər Nazirliyi bu praktikalara son qoyulması, biznes fəaliyyətlərinin və vergi inzibatçılığının qanunun tələblərinə tam uyğunlaşdırılması üçün 2018-ci ili keçid dövrü elan etdi: "Bu addımların ali məqsədi "kölgə iqtisadiyyatı"nın azaldılmasıdır. Çünki "kölgə iqtisadiyyatı"ndan ən çox əziyyət çəkən sadə Azərbaycan vətəndaşıdır. Sadə Azərbaycan vətəndaşının iş yeri "kölgə"də olduqda onun sosial müdafiəsi təmin edilmir, fərdi pensiya hesabına vəsait toplanmır, mülki hüquqları, o cümlədən əmək hüquqları qorunmur...

İşin nəticələrindən biri bu olacaq ki, vergi ödəyiciləri yalnız öz öhdəliklərini deyil,

hüquqlarını da daha aydın dərk edib haqlı tələblərini irəli sürə biləcəklər

Bundan dövlət də itirir - bu, vergi yığımlarında, biznes dövriyyələrinin gizlədilməsində özünü daha çox göstərir. Ümumilikdə, geniş kontekstdən baxsaq, "kölgə iqtisadiyyatı" ölkənin real iqtisadi potensialının reallaşmasına çox böyük əngəldir. İstər yerli, istərsə də xarici investorlar sərmayə yatırmaq barədə qərarlarını verərkən ilk növbədə ölkənin iqtisadi potensialı, iqtisadiyyatın həcmi, əhalinin alıcılıq qabiliyyəti kimi faktorlara önəm verirlər. Təbii ki, əsas şərtlərdən biri Azərbaycanda iqtisadi və siyasi sabitlikdir. Amma təhlilin ikinci mərhələsində iqtisadi faktor önə çıxır. Yəni iqtisadiyyat ölçülən olmalıdır, "kölgə iqtisadiyyatı"nın payı böyük olduqda bu, investisiya qoymaq barədə qərar vermək istəyən sərmayəçi üçün çətinliklər yaradır. Hər bir sərmayəçi iqtisadiyyatın ölçülən, şəffaf, proqnozlaşdırıla bilən olmasında maraqlıdır. Burada da iqtisadiyyatın inkişafının bir aləti kimi vergi sisteminin rolu çox vacibdir".

Vergi islahatı: hər şey sahibkarlığın inkişafı naminə

Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyinin qarşısında iki mümkün istiqamət vardı: birincisi, vergi yükünün artırılması, ikincisi də vergi yükünü azaltmaqla "kölgə"yə çəkilmiş bütün biznes strukturlarını və vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergitutmaya cəlb etmək. Nazir vurğulayıb ki, həm sosial ədalət, həm də iqtisadi nəzəriyyə prizmasından ikinci yol daha məqbul hesab olunub. Yəni Azərbaycan hökuməti vergi sistemində geniş spektrli islahatlara başlayarkən vergi yükünün artımı deyil, əksinə, vergi yükünün azaldılması istiqamətini seçib: "Burada cənab Prezidentin məsələyə baxışı və strateji göstərişləri əsasında, xüsusilə qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən muzdlu işçilərin və işəgötürənlərin vergi yükünün azaldılması qərarına üstünlük verildi. Bu, hazırda dövlətə ödənilən vergilərin həcminin əhəmiyyətli şəkildə azaldılması hesabına başa gəlsə də, tamamilə düşünülmüş və şüurlu şəkildə qəbul edilmiş qərardır. Dövlət qısa müddətdə mümkün itkiyə getməyə hazır olduğunu qəbul edir, bunun müqabilində isə gizli iş yerləri və gizli əməkhaqqı ödənişlərinin, ümumilikdə iqtisadiyyatın "kölgə"dən çıxması üçün geniş imkan yaranır. Bu, "kölgə iqtisadiyyatı"nda çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, ölkə iqtisadiyyatında gəlir mənbəyinə dəstək verilməsinə və bir sıra digər müsbət iqtisadi nəticələrə gətirib çıxaracaq qərardır. Bunun həyata keçirilməsi üçün vergi inzibatçılığı sərtləşəcək. Çünki artıq vergidən yayınma bəhanəsi - istər iqtisadi bəhanə, istərsə də sosial bəhanə aradan qaldırılmış olur. Bir daha vurğulayıram ki, birinci addımı dövlət atır. Dövlət öz büdcə gəlirlərinin bir hissəsindən bilərəkdən imtina edir ki, "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması üçün münbit şərait yaransın".

Sahibkarlara verilən güzəştlərin ardınca dövlət özünün dəstəkləyici addımlarını

metodoloji maarifləndirmə yolu ilə davam etdirəcək

Həyata keçirilən islahatların uzunmüddətli xarakter daşıdığını deyən vergilər naziri qeyd edib ki, əməkhaqqının "kölgə"dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditlərinin rolunun tam bərqərar olmasına da müsbət təsir göstərəcək: "Bu, bir faktdır ki, muzdla çalışan insanların de-yure sənədləşmələrində əməkhaqqı uyğunsuzluq təşkil edir, maaşlar aşağı məbləğdə göstərilir. Bu, həmin qrup vətəndaşların istər uzunmüddətli ipoteka, istərsə də qısamüddətli digər kreditlərə əlçatanlığı üçün ciddi məhdudlaşdırıcı amildir. Belə hallar öz növbəsində iqtisadiyyata da mənfi təsir göstərir. Ona görə də həyata keçirdiyimiz dəyişikliklər düşünülmüş və real iqtisadiyyatda tətbiqi ölçülə bilən islahatdır. Aparılan islahatların yalnız işçilər deyil, işəgötürənlər üçün də iqtisadi faydası düşünülüb. Konkret olaraq sosial sığorta ödənişlərində işəgötürənlərin yükü azaldığına görə iqtisadi və maliyyə nöqteyi-nəzərindən onların da iqtisadi stimulu nəzərdə tutulub. Bu islahatların həyata keçirilməsi ilə sahibkarların da biznes maraqları qorunmuş olur".

İşçilər və işəgötürənlər üçün xüsusi izahedici materiallar hazırlanır

Nazir xatırladıb ki, yaxın günlərdə Vergilər Nazirliyi tərəfindən xüsusi izahedici materiallar ictimaiyyətə təqdim olunacaq. Həmin materiallarda hər kəs - istər işəgötürənlər, istər işçilər, istərsə də qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən biznes strukturlarının rəhbərləri bu islahatın real maliyyə nəticəsinin nədən ibarət olacağını tam aydın şəkildə görə biləcəklər.

"Kölgə iqtisadiyyatı" ölkənin real iqtisadi potensialının reallaşmasına

çox böyük əngəldir

Mikayıl Cabbarov müsahibəsində Vergilər Nazirliyində həyata keçirilən struktur islahatları, xüsusilə yeni texnologiyaların tətbiqi ilə vergi inzibatçılığının gücləndirilməsi istiqamətində atılan addımlara toxunaraq, vergi sistemində rəqəmsallaşmanın qaçılmaz və alternativsiz olduğunu xüsusi qeyd edib: "Vergi sistemində rəqəmsallaşma və bütövlükdə elektron xidmətlərin səviyyəsi kifayət qədər yüksəkdir. Mən bu kontekstdə bir-iki rəqəm səsləndirmək istəyərdim: birincisi, vergi ödəyiciləri tərəfindən təqdim olunan hesabat və vergi bəyannamələrinin 90 faizə qədəri elektron formada təqdim olunur. Bu, özlüyündə vergi ödəyicisində ilk vərdişlərin yaranmasına, məlumatların təqdim edilməsi üçün həm düzgün interfeys, həm də düzgün təhlil və onlardan faydalanma amilinə də bir işarədər. Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlərin sayı 60-dan çoxdur və bir çox digər faktorlara görə biz sıfırdan başlamırıq. Lakin o da həqiqətdir ki, elektron xidmətləri əhatə edən sahə gündən-günə dəyişir, biznesin sürəti artıqca müasir çağırışlar da tez-tez dəyişir. Ona görə də növbəti illərdə bu sahənin təkmilləşdirilməsi bizim strateji prioritetlərimiz sırasındadır. Bu gün tətbiq olunan əməliyyatların sayını, vergi ödəyicilərinin sayını, ölkəmizin artan iqtisadiyyatının reallıqlarını və gələcək potensialını nəzərə alaraq, deyə bilərik ki, fəaliyyətimizin çox mühüm bir hissəsi elektronlaşmış şəkildə həyata keçirilir. Buna misal kimi kameral yoxlamaları qeyd etmək olar. Ötən illə müqayisədə 2018-ci ildə vergi yoxlamalarının sayını 3 dəfə azaltmışıq. Bununla belə, məsafədən nəzarət və təhlil imkanlarımızı genişləndirmişik. Təbii olaraq bu, yeni datanın, yəni yeni verilənlərin müxtəlif dövlət orqanlarında, açıq məkanda qanuni şəkildə toplanılması və emal edilməsi sayəsində mümkün olub".

Vergilər Nazirliyindən daha bir mühüm yenilik

Mikayıl Cabbarov riskli vergi ödəyiciləri barədə məlumatların toplanmasından danışarkən Vergilər Nazirliyində tətbiqinə başlanmış mühüm bir yenilik barədə də məlumat verib: "Vergilər Nazirliyi tərəfindən vergi ödəyiciləri qanunvericiliyə uyğunluq nöqteyi-nəzərdən müxtəlif risk qruplarına bölüşdürülərək təhlil edilir. Son bir neçə həftə ərzində belə bir yenilik tətbiq edirik: riskli vergi ödəyicisi digər vergi ödəyicisi ilə hər hansı əqdi həyata keçirmək istəyirsə, qarşı tərəfə avtomatik qaydada bu barədə məlumat verilir. Həmin məlumatda deyilir ki, əməliyyat həyata keçirmək istədiyiniz vergi ödəyicisi yüksək riskə aiddir.

Vergi ödəyicisi bu bildirişi elektron qaydada alır və bundan sonra əməliyyata davam edib-etməmək barədə qərarını onun özü verir. Riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma həm də riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki intizamlı vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm də səyyar vergi yoxlaması, digər vergi nəzarəti tədbirləri üçün, belə demək olarsa, dəvətdir. Çünki risklərin müəyyənləşdirilməsinin əsas məqsədi əvvəlcədən onun qarşısını almaqdır. Vergidən yayınma şüurlu və düşünülmüş, yaxud şüursuz şəkildə baş verə bilər. Bizim tətbiq etdiyimiz yenilik şüurlu və ya şüursuz şəkildə vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Bir daha vurğulayıram ki, Vergilər Nazirliyi öz rəqəmsal imkanlarını, rəqəmlərin elektron təhlili bazasını davamlı olaraq genişləndirəcək. Bunun vergi ödəyiciləri üçün ən böyük faydası ondan ibarət olacaq ki, məsafədən təhlil - bu həmçinin "üfüqi monitorinq" adlandırılır - yolu ilə, yəni birbaşa vergi ödəyicisi ilə ünsiyyətdə olmadan onun fəaliyyəti haqqında zəruri məlumatları vergi orqanının əldə etməsi yolu ilə müvafiq qərarların verilməsinin keyfiyyəti artırılacaq. Bütün bu yeniliklər və innovasiyalar sahibkarlara və vergi ödəyicilərinə diferensial, yəni fərqləndirmə prinsipi ilə yanaşmanı təmin edir. Risk indikatorları üzərində qurulmuş bu sistem həm də vergi bəyannamələrinin təqdim olunmasının asanlaşdırılmasına gətirib çıxarır".

Dövlət dəstək göstərir, sahibkarlardan şəffaflıq tələb olunur

Həyata keçirilən vergi islahatlarında sahibkarlığın inkişafına xüsusi önəm verildiyini xatırladan Mikayıl Cabbarov vurğulayıb ki, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması bunun növbəti təzahürüdür: "Bu Agentliyin yaradılmasından əvvəl də kiçik və orta sahibkarlığı dəstəkləyən bir sıra alətlər mövcud idi: Sahibkarlığın İnkişafı Fondunu, vergi güzəştlərini, digər institusional fəaliyyətləri buraya aid etmək mümkündür. Lakin məhz ixtisaslaşdırılmış agentliyin yaradılması Azərbaycanda bu işin və fəaliyyətin yeni mərhələyə qədəm qoyduğunu şərtləndirir.

Vergilər Nazirliyi dövlət başçısı tərəfindən təsdiqlənmiş bir sıra proqramlara, o cümlədən Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi və digər sənədlərə uyğun olaraq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla sıx əlaqədə işləyir. Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, Vergi Məcəlləsinə və müvafiq qanunvericiliyə edilən dəyişikliklərin bir hissəsi də klasterə aid edilən, yəni kiçik və orta sahibkarlıq kimi qiymətləndirilən şirkətlərin vergi yükünün azaldılmasına dair qəbul edilmiş qərarlardır. Bu qərarların nəticəsində biz faktiki olaraq sadələşdirilmiş verginin ödəyicisi olan kiçik və orta biznes strukturlarının, iqtisadi subyektlərin vergi yükünü 4 faizdən 2 faizə endirmişik. Mikrosahibkarlıq subyektləri kimi meyarlara cavab verən gəlir və mənfəət vergisi üzrə kifayət qədər böyük - 75 faizə çatan imtiyazların tətbiq edilməsi nəzərdə tutulub. Kiçik və orta biznes klaster şirkətlərinin və müvafiq meyarlara cavab verən şirkətlərin uzun müddət ərazində bir sıra vergi ödənişlərindən azad edilməsi planlaşdırılır. Artıq qeyd etdiyim kimi, hazırda Vergilər Nazirliyi, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən kiçik və orta biznesə, mikrosahibkarlara vergi güzəştlərinin necə və hansı qaydada tətbiq edilməsinə, bunun hansı faydalara gətib çıxaracağına dair xüsusi metodoloji izahatlar, metodoloji dəstək xarakteri daşıyan sənədlər hazırlanır. Çünki biz hamımız qəbul edirik ki, bu tip şirkətlərdə bir çox hallarda mühasibat və digər dəstəkləyici infrastrukturlar olmaya bilər. Biz bu sahədə öz dəstəyimizi veririk ki, kiçik və orta sahibkarlar hazır həllərdən bəhrələnə bilsin və qanunvericilikdəki dəyişiklikdən xəbəri olmadığına görə səhvlərə yol verməsinlər. Yaxud Qanunda nəzərdə tutulmuş imtiyazlardan istifadə edə bilməsi üçün onlara metodoloji dəstək göstərəcəyik. Biz qanunun dəyişməsinin izahı ilə bərabər, bu dəyişikliklərin kiçik və orta sahibkarların gündəlik fəaliyyətində necə yerinə yetirilə biləcəyi və bunların hansı dəyişikliklərə gətirə biləcəyi istiqamətində işlər görürük. Məşğulluq nöqteyi-nəzərdən insanların biznes fəallığının dəstəklənməsi və ölkədəki biznes mühitinin bir göstəricisi kimi bunun vacibliyini nəzərə alaraq gələcəkdə də bu siyasəti davam etdirmək niyyətindəyik. KOB klasterlərində fəaliyyət göstərən şirkətlərdən əsas tələb və gözlənti fəaliyyətlərini, eləcə də öz mühasibat və vergi uçotunu tam həcmdə və şəffaf şəkildə həyata keçirmələridir".

Vergi mədəniyyətinin sadə prinsipi: qanunlara əməl et, vergiləri vaxtında ödə və

vergi inzibatçısı ilə qarşılaşma!

Mikayıl Cabbarov vurğulayıb ki, dövlətin əsas hədəfi kiçik və orta biznesin dövlət tərəfindən verilən güzəştlərdən faydalanmasıdır. Bəzi hallarda müəssisənin özünün infrastrukturu olmadığından və verilmiş güzəştləri axıra qədər tətbiq edə bilmədiyindən sahibkar öz hüquqlarından tam şəkildə yararlana bilmir. Nəticədə həmin şirkətlərin istehsal etdiyi məhsulun və ya göstərdiyi xidmətin maya dəyəri arzu edilməyən şəkildə artır və beləliklə də nə dövlət öz hədəflərinə nail olur, nə də sahibkar: "Ona görə də sahibkarlara verilən güzəştlərin ardınca dövlət özünün dəstəkləyici addımlarını izahedici işlərin həyata keçirilməsi, metodoloji maarifləndirmə yolu ilə davam etdirəcək ki, şirkətlər bundan geniş şəkildə faydalansınlar".

Maarifləndimə iki istiqamətdə aparılacaq

Geniş əhatəli islahatlardan sonra cəmiyyətdə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini də açıqlayan Mikayıl Cabbarov qeyd edib ki, Vergilər Nazirliyinin əsas prioritetlərindən birincisi maarifləndirmə işləri ilə bağlıdır. Onun sözlərinə görə, maarifləndirmə iki yolla: yazılı məlumatlandırma və kütləvi tədbirlər; həmçinin birbaşa vergi xidmətləri istiqamətində aparılacaq.

"Vətəndaşa, vergi ödəyicisinə, şirkətə, müəssisəyə vergi orqanı tərəfindən göstərilən xidmətlərin sayını və keyfiyyətini artırmaq yolu ilə könüllü vergi öhdəliklərinin yerinə yetirilməsinə töhfə vermək, xidmətləri mümkün qədər asanlaşdırmaq qarşıda duran vəzifələrdir. Hər iki istiqamətdə Vergilər Nazirliyi tərəfindən sistemli iş planlaşdırılır. 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək. Bu iş həm vətəndaş cəmiyyəti, həm də vergi ödəyiciləri və ayrı-ayrı klasterlərlə müxtəlif formatlarda həyata keçiriləcək. Burada ictimai kommunikasiya formatından da istifadə oluna bilər, vergi ödəyiciləri ilə görüşlər, dəyirmi masalar, konfranslar, eskpertizalar, bu və ya digər klasterlərin iştirakı ilə sahəvi müzakirələr və s. Bütün hallarda maarifləndirmə işi daimi olacaq. İzahat işlərində istər ənənəvi KİV-lərin, istərsə də yeni nəsil sosial medianın rolu çox vacibdir. Etiraf etməliyik ki, bir çox hallarda vergi ödəyicisinin vergi ödənişinin əhəmiyyəti, onun zərurəti barədə tam anlayışı olmur. Ona görə də biz bu işi daim diqqət mərkəzində saxlayırıq və saxlayacağıq".

Mikayıl Cabbarov vurğulayıb ki, vergi mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi kimi qəbul olunmalıdır. "Vergilər Nazirliyi buna nail olmaq üçün uğurlu beynəlxalq təcrübədən də geniş istifadə edəcək. Bizim gördüyümüz işlər təbii olaraq vergi ödəyicisindən də əks əlaqə, qarşılıqlı addım atmaq tələb edir. Düşünürük, gördüyümüz işin nəticələrindən biri bu olacaq ki, vergi ödəyiciləri yalnız öz öhdəliklərini deyil, hüquqlarını da daha aydın dərk edib, haqlı tələblərini irəli sürə biləcəklər. Bütün bunlar nəticədə vergi inzibatçılığına, onun keyfiyyətinin təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Vergi mədəniyyətinin yüksəldilməsi ilə bağlı ikinci böyük istiqamət vergi ödəyicilərinə təqdim edilən xidmətlərdir. Xidmətlərin elektron şəkildə göstərilməsinin məqsədlərindən biri vergi ödəyicilərinin işini asanlaşdırmaq, bu xidməti onların öz mobil cihazından, evindən və ya ofisindən əldə edə bilməsinə imkan yaratmaqdır.

Digər tərəfdənsə, faktiki olaraq bu, könüllü əməletmə əmsalını yüksəltmək deməkdir. Əgər vergi ödəyicisi vergini ödəmək üçün əlavə əziyyət çəkməlidirsə, ofisindən banka getməlidirsə və orada hansısa süründürməçiliklə rastlaşacaqsa, bu, onun vergi ödəmək niyyətinə və istəyinə mənfi təsir göstərəcək. Bu mənada, vergi ödəyicilərinə xidmət Vergilər Nazirliyi üçün çox mühüm məsələlərdən biridir. Hazırda bizim kifayət qədər inkişaf etmiş Vergi Ödəyicilərinə Xidmət mərkəzlərimiz mövcuddur və orada çalışan əməkdaşlarımızın peşəkar inkişafı üçün səyləri artırırıq. Bununla yanaşı, xidmətlərin göstərilməsinin yolları və üsulları hər zaman təkmilləşdirilməlidir. Çünki yaşadığımız dünya və onun sürəti hər gün dəyişir, biz bu dəyişikliklərə hazır olmalıyıq. Əgər vergi mədəniyyəti mövzusunun sadə prinsipini ifadə etməli olsaq, bu ondan ibarətdir ki, qanunlara əməl et, vergiləri vaxtında ödə və vergi inzibatçısı ilə qarşılaşma! Yəni öz biznesini qur, işgüzar fəaliyyətini qoru, vergi inzibatçıları ilə görüşmə, onlardan yalnız xidmət al. Bu, təbii olaraq Vergilər Nazirliyinin də işə yanaşmasında və fəlsəfəsində köklü dəyişiklik tələb edir. Biz bu dəyişikliyin arxasındayıq və bunun həyata keçməsi üçün lazım olan addımları atacağıq".

Elxan SALAHOV