Dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat, xərcləri 18,1 milyard manat olub

2022.09.15 17:18 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 20 milyard 184,8 milyon manat, xərcləri 18 milyard 151,9 milyon manat təşkil edib, büdcənin icrasında 2 milyard 32,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,4 faizi qədər profisit yaranıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 18 milyard 16,5 milyon manat, xərcləri isə 15 milyard 334,8 milyon manat təşkil edib. Daxilolmaların 28,03 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 22,12 faizi əlavə dəyər vergisi, 4,91 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,64 faizi fiziki şəxslərin gəlir vergisi, 3,85 faizi aksizlər, 1,15 faizi sadələşdirilmiş vergi, 1,77 faizi vergilərin digər növləri, 33,53 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.
Büdcə vəsaitlərinin 19,74 faizi təhsil və səhiyyənin, 18,41 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 18,06 faizi iqtisadi fəaliyyətin, 13,94 faizi ümumi dövlət xidmətlərinin, 12,65 faizi sosial müdafiə və sosial təminatın, 17,20 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.