Emin Rəsulov: “Azərbaycanda hərraclar rəqabətli şəraitdə keçirilir” MÜSAHİBƏ

2022.09.15 14:00 (UTC+04:00)

- Emin müəllim, cari ilin ilk 8 ayında nə qədər kiçik dövlət müəssisəsi və səhmdar cəmiyyəti hərraca çıxarılıb?

- Bu ilin 8 ayı ərzində ƏMDX tərəfindən 61 kiçik dövlət müəssisəsi və obyekti, eləcə də 8 səhmdar cəmiyyəti hərraclarda satışa çıxarılıb. Həmin müddət ərzində hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 1594 sifariş qəbul olunub və 270 sifariş elektron qaydada verilib.

- Hərrac prosesində onlayn qoşulmaların sayı nə qədər olub?

- “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil olunan hərraclarda qəbul edilmiş elektron sifarişlər üzrə 69 onlayn qoşulma qeydə alınıb.

- Hərraclar barədə haradan məlumat almaq olar və hərraca necə qoşulmaq mümkündür?

- Hərrac gününə ən azı 30 gün qalmış hərraclar barədə məlumatı ƏMDX-nin “privatization.az”, “emlak.gov.az” saytlarından almaq olar və hərraca qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hәrracın başlanmasına ən geci üç bank günü qalanadək təqdim etmiş və özəlləşdirmə obyektinin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər qoşula bilərlər.

- Azərbaycanda hərraclar rəqabətli şəraitdə keçirilirmi? Hərracların kifayət qədər aktiv iştirakçısı olur?

- “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil edilən hərracların rəqabətli şəraitdə keçirildiyini və prosesin kifayət qədər aktiv iştirakçısı olduğunu qeyd edə bilərik.

Bu ilin 8 ayı ərzində ƏMDX tərəfindən 61 kiçik dövlət müəssisəsi və obyekti, eləcə də 8 səhmdar cəmiyyəti hərraclarda satışa çıxarılıb.

- Daha çox hansı əmlakların hərracında rəqabət müşahidə edilir?

- Nəqliyyat vasitələri üzrə keçirilmiş hərraclarda rəqabət daha çox hiss edilir. 2022-ci ilin 8 ayında nəqliyyat vasitələrinin satışa çıxarıldığı 29 hərrac keçirilib və 375 nəqliyyat vasitəsi satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Qeyd olunan müddət ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1.467.785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1.843.318 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 375.533 manat (rəqabətdən cəlb olunan vəsait) çox olub.

- Bəzi hallarda əmlaklar bir neçə dəfə hərraca çıxarıldıqdan sonra əvvəlki satış qiymətindən aşağı qiymətə təklif edilir. Bu məsələ qanunvericiliklə necə tənzimlənir?

- “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”nın 4.6-cı bəndinə əsasən, əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) satıcı tərəfindən üçüncü hərracda həmin əmlakın start qiyməti ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır.

- Bildiyimiz kimi, hərraclarda iştirak etmək üçün əmlakın ilkin start qiymətinin 10%-i dəyərində beh ödənməlidir. Bəs, qalib olmadığı təqdirdə, həmin beh geri qaytarılırmı?

- Qaydalara əsasən, hərracda müəssisənin (obyektin) və səhmin, habelə torpaq sahələrinin satışı üçün ödənilmiş beh satılan müəssisənin (obyektin) və səhmin satış qiymətinə daxil edilir. Hərracın digər iştirakçılarının ödəmiş olduqları beh satıcı tərəfindən təqdim edilmiş siyahı üzrə hərrac iştirakçılarının tələbi ilə 10 (on) bank günü müddətində geri qaytarılır.

- Vətəndaş hərracda iştirak edib qalib olduqdan sonra əmlakın tam məbləğini ödəmədikdə, ilkin olaraq ödədiyi behi geri ala bilərmi?

- Müəyyən edilmiş müddət ərzində qeyd olunan məbləğ ödənilmədiyi halda, alğı-satqı müqaviləsi qüvvədən düşmüş hesab edilir, bu səbəbdən keçirilmiş beh geri qaytarılmır və tam məbləğdə dövlət büdcəsinə köçürülür.

- Behin qaytarılması hansı formada və müddətdə həyata keçirilir?

- Behin geri qaytarılması üçün ƏMDX-yə ərizə ilə müraciət olunur, ərizəyə şəxsiyyət vəsiqəsinin surəti, əmlakın ilkin start qiymətinin 10 faizi dəyərində ödənilən behin qəbzinin surəti, müraciət edən şəxsin bank rekvizitləri əlavə edilir. Beh 10 bank günü müddətində şəxsin bank hesabına keçirilir.

Rəqabətli formada davam edən hərrac zamanı əmlakın ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır.

- Hərraca çıxarılan dövlət əmlakına qabaqcadan əyani surətdə baxış keçirmək mümkündürmü? Bu, hansı qaydada həyata keçirilir?

- Hərracla bağlı məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

-Rəqabətli formada davam edən hərrac zamanı yeni təklif minimum nə qədər artımla verilməlidir?

- Rəqabətli formada davam edən hərrac zamanı əmlakın ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

- Hərracda qalib elan edildikdən sonra proseslər hansı ardıcıllıqla davam etdirilir?

- Hərrac başa çatdıqdan sonra müvafiq protokollar alıcı və komissiya tərəfindən imzalanır. Protokollar imzalandığı gündən 10 təqvim günü müddətində alğı-satqı müqaviləsi imzalanmalıdır. Alıcı 30 bank günü ərzində ödənilməli məbləği ƏMDX-nin depozit hesabına köçürməlidir. Hərraca aid yekun sənədlər qeydiyyata alınaraq ƏMDX-yə təqdim edilir.

- Hərraclar vasitəsilə faydalı qazıntı yataqları da istifadəyə verilir. Bu barədə nə deyə bilərsiniz?

- ƏMDX-nin “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə 2021-ci ildən etibarən hərracların təşkili davam etdirilir. Bildiyiniz kimi, ölkənin müxtəlif regionlarında faydalı qazıntı yataqları - gil, qum, çınqıl, bazalt, əhəngdaşı, mərmər-qranit və digər resurslar mövcuddur. Ötən il hərraclar vasitəsilə ümumilikdə 29 faydalı qazıntı yatağı istismara verilib. Cari ilin ilk 6 ayı ərzində isə bu rəqəm 16 olub.

- Növbəti hərracların keçirilmə tarixi nə vaxtdır və hansı dövlət əmlaklarının hərraca çıxarılması gözlənilir?

- Növbəti hərraclar 27 sentyabr, 4, 10, 11 oktyabr tarixlərində keçiriləcək. Hərraca səhmdar cəmiyyətlərinin səhm paketi, kiçik dövlət müəssisə və obyektləri, nəqliyyat vasitələri çıxarılacaq. Fürsətdən istifadə edib vətəndaşları, yerli və xarici investorları hərraclarda fəal iştirak etməyə dəvət edirəm.

İlhamə İSABALAYEVA