Sənayedə özəl sektorun payı 88,4 faiz təşkil edib

2022.09.14 15:44 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,1 faiz azalaraq 56,1 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9 faiz artıb. Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 20,6 faizi emal, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 88,4 faiz təşkil edib. Ümumi istehsalın 94,4 faizi sənaye məhsullarının istehsalı, 5,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında sentyabrın 1-nə 913,5 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 44,1 faizi Bakı, 23,6 faizi Sumqayıt, 6,7 faizi Gəncə şəhərlərinin, 3,9 faizi Şirvan, 0,3 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 88,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.