Vergi Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.
Misal 1: Siqaret istehsalı ilə məşğul olan vergi ödəyicisi mart ayında 45.000 ədəd siqaret istehsal edib və istehsal binasının hüdudlarından kənara buraxıb. Vergi Məcəlləsinin 190.3.8-ci maddəsinə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1.000 ədədinə 38,5 manat aksiz dərəcəsi tətbiq olunur. Buna əsasən vergi ödəyicisinin 1.732,5 manat aksiz öhdəliyi yaranır:
45000 : 1000 = 45
45 x 38.5 = 1.732.5 manat.
Aksizin ödənilməsi və hesabatın təqdim edilməsi üçün son müddət növbəti ayın, yəni aprelin 20-dir.
Vergi Məcəlləsinin 191.2-ci maddəsində göstərilir ki, vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər bu Məcəllənin 191.1-ci maddəsinin tələblərinə baxmayaraq, həmin əməliyyatların aparıldığı vaxt ödənilir və vergi ödəyicisinin həmin malları bu mallar üzrə aksizi ödəyənədək istehsal binasının hüdudlarından kənara çıxartmağa hüququ yoxdur.
Misal 2: Fərz edək ki, vergi ödəyicisi əvvəlki hesabat dövründən yaranan 1.732,5 manat aksiz borcunu ödəməyib. Birinci misalda ödəyici göstərilən hal üzrə yaranmış borcunu aprel ayının 20-də ödəməyi planlaşdırıb. Eyni zamanda, o, aprel ayının 5-də 30.000 ədəd siqaret istehsal edərək istehsal binasının hüdudlarından kənara çıxarmaq niyyətindədir. Bu halda, aprel ayı üzrə yaranmış borcun ödənilməsi üçün ən gec müddətin may ayının 20-si olmasına baxmayaraq, vergi ödəyicisi həmin mallar üzrə aksiz ödənişini etməli və ondan sonra məhsulu istehsal binasının hüdudlarından kənara buraxmalıdır. Əks halda vergi ödəyicisinə 5.000 manat maliyyə sanskiyasi tətbiq oluna bilər.