Aİİ ölkələrində şəxsi istifadə üçün rüsumsuz idxal edilən malların norması azaldılıb

2022.09.16 13:53 (UTC+04:00)

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdə 2022-ci il oktyabrın 1-dən şəxsi istifadə üçün daşıyıcı şirkətlər tərəfindən çatdırılan və ya beynəlxalq bağlamalarla göndərilən malların rüsumsuz idxalı üçün qoyulmuş hədd 200 avro təşkil edəcək.
Bu qayda 31 mart 2022-ci il tarixinədək qüvvədə olub. Həmin tarixdən sonra Avrasiya İqtisadi Komissiyası Şurasının qərarı ilə Aİİ-nin gömrük ərazisinə şəxsi istifadə üçün gətirilən malların rüsumsuz idxal həddi 200 avrodan 1.000 avroya artırılmışdı.
Yeni tənzimləmə 1 oktyabr 2022-ci ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra dəyəri 200 avrodan çox olmayan bağlamalarda malların rüsumsuz idxalı və ya qəbulu mümkün olacaq. Çəki həddi isə dəyişməz saxlanılıb: 31 kq-a qədər.
Dəyəri 200 avrodan artıq mallar idxal edilərkən və göndərilərkən onlar üçün gömrük bəyannaməsinə uyğun gömrük ödənişi ediləcək.
Sənədə əsasən, gömrük ödənişləri dəyər və çəki norması baxımından 1 kq çəkiyə görə 2 avrodan az olmamaq şərtilə malın dəyərinin 15%-ni təşkil edəcək.