İqtisadi Resursların Öyrənilməsi Mərkəzi sentyabrın 1-dən “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” layihəsinin icrasına başlayıb.
Mərkəzdən “vergiler.az”a verilən məlumat görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən üçaylıq layihə çərçivəsində Bakı, Quba, Zaqatala, Gəncə və Lənkəran şəhərlərində 100 nəfər mikro və kiçik sahibkara təlimkeçmək nəzərdə tutulub.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyib: “Özəl sektorun inkişafının başlıca hərəkətverici qüvvəsi kiçik və orta biznes (KOB) subyektləridir. Əhalinin çoxçeşidli məhsullarla təminində, ölkənin ucqar bölgələrinə məhsulların çatdırılmasında, dəyişkən iqtisadi mühitə tez uyğunlaşmaqda və fəal şəxslərin məşğulluğa cəlb olunmasında KOB-ların rolu müstəsnadır. KOB-ların ölkə iqtisadiyyatına faydalı təsirinin daha da artırılması qarşısındakı problemlərdən biri də maliyyə təminatıdır. Bank faizlərinin yüksəkliyi, ağır girov təminatı, gecikmələrə görə cərimələr, mikro və kiçik sahibkarların kredit təşkilatları üçün böyük maraq kəsb etməməsi KOB-ların alternativ maliyyə mənbələrinə üz tutmasını zərurirətə çevirir”.
Alternativ maliyyə mənbələrinə françayzinq, faktorinq, lizinq, payda iştirak, vençur kapitalı, kraudfandinq və s. kimi alətlər şamil olunur. Son dövrlər bu maliyyələşmə növlərindən sayılan ortaqlığa KOB-ların marağı xeyli artıb. R.Atakişiyev mikro və kiçik sahibkarların ölkədə fəaliyyət göstərən iri biznes strukturları, investorlar və imkanlı şəxslərlə görüşərək birgə biznes layihələrinin reallaşmasında razılığa gəldiklərini vurğulayıb:
“Amma birgə işə sərmayə cəlb olunmasında ideya sahibləri olan təşəbbüskarların başlıca problemi sərmayədarların qarşısına yazılı şəkildə sanballı investisiya layihəsi qoya bilməmələridir. Problemin həlli istiqamətində KOB-lardan bir qrupuna birgə biznesə ortaqların cəlbi üçün investisiya layihəsinin hazırlanmasını öyrətməyi aktual hesab edirik. Bu yolla təşəbbüskar biznes nümayəndələri investisiya layihəsini hazırlamağı öyrənməklə həm öz biznes ideyalarına sərmayə cəlb edər, həm də gələcəkdə digər sahibkarlara bu biliyi aşılaya bilərlər”.