Aİ ölkələri büdcə intizamı və vergilərin uyğunlaşdırılması məsələlərini müzakirə ediblər

2022.09.13 13:37 (UTC+04:00)

Keçən həftə Praqada keçirilmiş ikigünlük qeyri-rəsmi görüşdə Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirliklərinin və mərkəzi banklarının rəhbərləri Aİ-də fiskal intizam və birbaşa vergilərin uyğunlaşdırılması məsələlərini müzakirə ediblər, Aİ-yə hazırda sədrlik edən Çexiyanın maliyyə naziri Z.Stanyura mətbuat konfransında bu barədə məlumat verib.

O, deyib: "Biz maliyyə intizamı və Aİ-də birbaşa vergilərin uyğunlaşdırılması məsələlərini müzakirə etdik. Avropa Komissiyasının apardığı müzakirələrin nəticələrinə əsasən müvafiq təkliflər təqdim olunacaq”.

Çexiya Aİ-yə sədrlik edən ölkə kimi İttifaq dövlətləri arasında kompromis əldə olunmasını təmin etməyə çalışır. Z.Stanyura qeyd edib ki, başa çatan qeyri-rəsmi görüşdə müzakirə olunan məsələlərə ölkələrin hər birinin öz baxışı var. Onun sözlərinə görə, bu məsələ bütün Aİ səviyyəsində praktiki həllini tapana qədər birbaşa vergilərin uyğunlaşdırılması ilə bağlı müzakirələr bir müddət davam edəcək.