Səkkiz ayda 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

2022.09.09 12:11 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 65 min 500 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 21 minədək şəxs münasib işlərlə təmin edilib, 9 min 700 şəxs kiçik biznes yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunub.
Agentlik tərəfindən son səkkiz ayda həmçinin 2 min 800 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil olunub və məşğulluqlarının təmini üçün işlər aparılıb.
Həmin dövrdə 32 mindən çox şəxsə peşəyönümü xidmətlər göstərilib.