Azərbaycan Prezidenti nüfuzlu Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edib

2019.04.26 15:17 (UTC+04:00)

Aprelin 26-da Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Forumda iştirak edir.

Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar. "Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması" mövzusunda keçirilən Forum çərçivəsində 12 panel iclası və digər tədbirlər təşkil olunacaq.

Forumun açılış mərasimində çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin hazırda "Bir kəmər, bir yol" təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırıb. Layihənin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayan Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib.

Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin baş katibi Antonio Quterreş "Bir kəmər, bir yol" təşəbbüsünün əhəmiyyətindən danışıblar. Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkiblər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildiriblər. Bununla da forumun birinci hissəsi başa çatıb.

Forumun ikinci hissəsi dövlət başçıları səviyyəsində "Daha parlaq birgə gələcəyin qurulması" mövzusuna həsr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək səviyyəli bu görüşdə çıxış edib.