Geri qaytarılan ƏDV-nin məbləği necə hesablanır?

2022.09.10 12:50 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açarkən yaratdığı virtual “pul qabı”na yerləşdirilir. Əlavə dəyər verigisi (ƏDV) məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur. Misal üçün, məhsulun dəyəri 100 manatdırsa, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır.

Sorğuda göstərilən halda hər hansı xəta mövcud deyil. Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə özünüz də hesablaya bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”