- Qazaxıstan Prezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi baxımından, sizcə, nə ilə əlamətdar oldu?
- Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin Azərbaycana səfəri, ilk növbədə, ikitərəfli əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək məqsədi daşıyırdı. Səfər zamanı ölkələrimiz arasında onsuz da etibarlı olan münasibətləri daha da möhkəmləndirən və uzunmüddətli tərəfdaşlığın əsasını qoyan “Strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalandı. Bakıda imzalanmış sənədlər arasında “Ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i xüsusi qeyd etmək lazımdır. Sənədin annotasiyasında deyilir ki, saziş “tərəflər arasında mövcud ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə” bağlanıb. Səfər zamanı, həmçinin, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və tranzit sektorunda anlaşma memorandumları imzalanıb. Bütün bunlar hökumətlərimizin yaxın gələcəkdə daha çox diqqət yetirəcəkləri sahələrdir.
- Sizcə, hazırkı geosiyasi şəraitdə Qazaxıstan və Azərbaycan üçün hansı sahələrdə əməkdaşlıq daha aktualdır?
- Zəncirin gücü onun ən zəif halqası ilə müəyyən edilir. İndiki şəraitdə logistika belə bir halqadır. Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən Qazaxıstanın xarici ölkələrlə əlaqələri kəskin şəkildə azalıb. Qazaxıstan üçün qonşularının nəqliyyat infrastrukturuna çıxış əldə etmək vacibdir, lakin həmin infrastruktur xarici bazarlara çıxışı tam təmin etmək iqtidarında deyil.
Nə üçün Qazaxıstan alternativ marşrut problemi ilə yalnız indi üzləşib? Regionda oxşar layihələr əvvəllər də müzakirə olunurdu, lakin onların həyata keçirilməsinə istər iqtisadi, istərsə də siyasi baxımdan təcili ehtiyac yox idi. Çünki heç kim hadisələrin bu cür axarını proqnozlaşdıra bilmirdi. Amma bu gün Qazaxıstan müxtəlif regional platformalarda Azərbaycanın da iştirakı ilə nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə edir.
Bu gün Qazaxıstan müxtəlif regional platformalarda Azərbaycanın da iştirakı ilə nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə edir.
Digər sahə ərzaq təhlükəsizliyidir. Xəzəryanı dövlətlərin başçılarının sammitində Prezident Tokayev birgə ərzaq qovşağının yaradılmasını təklif edib. Regionun bütün ölkələri kənd təsərrüfatı sektorunu inkişaf etdirsə də, bəzi məhsullar uzaq xaricdən gətirilir. Bu baxımdan, birgə ərzaq qovşağı Xəzəryanı ölkələrin ərzaq təhlükəsizliyini gücləndirməklə yanaşı, onlar arasında qarşılıqlı ticarətin artmasına da kömək edəcək.
Bundan əlavə, daxili bazarda yüngül sənaye məhsullarına tələbat olsa da, bizim kifayət qədər istehsal gücümüz yoxdur. Ona görə də ölkələrimizin hökumətləri bu sahəyə qarşılıqlı sərmayə qoyuluşunun təşviqinə diqqət yetirməlidirlər.
- Mövcud vəziyyət fonunda Azərbaycan və Qazaxıstan beynəlxalq yükdaşımalar sistemində hansı rolu oynaya bilər?
- 2022-ci ildə geosiyasi risklər qlobal iqtisadiyyata güclü təsir göstərib. Bu risklər əvvəlki illərdə də müşahidə olunurdu: ABŞ və Çin arasında ticarət müharibəsini xatırlaya bilərik. Keçmiş dünya nizamı bu gün sabitliyi qoruya bilməz. Bu o deməkdir ki, geosiyasi risklər getdikcə artacaq və iqtisadi əlaqələrə, təchizat zəncirlərinə təsir edəcək.
Belə bir vəziyyətdə həm təhlükələr, həm də fürsətlər yaranır. Məsələn, Tayvanla Çin arasındakı gərginlik Asiyada yükdaşımaları iflic edə bilər. Bunun fonunda yüklərin dəmir yolu ilə daşınması stressə davamlı görünür. Vəziyyətdən istifadə edə bilərikmi? Yəqin ki, bacararıq. Amma problem ondadır ki, infrastruktur layihələri daha əvvəl həyata keçirilməli idi. Böyük siyasət regionun həyatına düzəlişlər edir. Mərkəzi Asiya və Qafqaz ölkələri alternativ marşrutlar yaratmalıdırlar. Ümid edirəm ki, növbəti illərdə infrastrukturun inkişafına əlavə investisiyalar cəlb olunacaq.
Birgə ərzaq qovşağı Xəzəryanı ölkələrin ərzaq təhlükəsizliyini gücləndirməklə yanaşı, onlar arasında qarşılıqlı ticarətin artmasına da kömək edəcək.
Yeri gəlmişkən, bu bizim özəl sektorun qazana və əlavə iş yerləri yarada biləcəyi mühüm bir sahədir. Amma bunun üçün qanunvericiliyə, o cümlədən sənayeni inhisardan çıxarmaq məqsədilə düzəlişlər etmək lazımdır. Başa düşmək lazımdır ki, sanksiyalar və geosiyasi gərginlik tez aradan qalxmır. Ona görə də Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı uzunmüddətli xarakter daşıyır. Bu marşrut etibarlı və təhlükəsiz olarsa, Asiyadan Avropaya dünya yükdaşımalarının bir hissəsini öz üzərinə götürə bilər.
Bu həm də Qazaxıstan və Azərbaycanın beynəlxalq yükdaşımalar sistemindəki rolunu müəyyən edəcək.
- Son illərdə qlobal iqtisadiyyat bir böhrandan çıxıb digərinə düşüb: pandemiyadan sonra nəqliyyat və logistika, ərzaq və inflyasiya böhranları gəldi. Sizcə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri birgə səylərlə mövcud çağırışların öhdəsindən gələ bilərmi?
- Təbii ki, iqtisadiyyatlarımız qlobal problemlərə çox həssasdır. Bu daha çox ixrac gəlirlərinin əhəmiyyətli hissəsinin neft və qazdan əldə olunması ilə əlaqədardır. Enerji qiymətlərindəki dalğalanmalardan asılılığı – “yelləncəy”i dayandırmaq üçün iqtisadiyyatlarımızı diversifikasiya etməliyik. Bu o deməkdir ki, məhkəmə sistemində, fiskal orqanlarda, maliyyə və bazar institutlarında islahatlar aparılmalıdır. Kollektiv tədbirlər məsələsinə gəlincə, bu variantı nəzərdən keçirmək məqsədəuyğun görünsə də, hazırkı vəziyyətdə bunu vəziyyətdən çıxış yolu kimi dəyərləndirmək düzgün olmazdı. Çünki bizim əsas tərəfdaşlarımız regiondakı qonşular deyil, uzaq xaricdəki ölkələrdir.
Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 500 milyon dollarlıq həddi keçmir. Buna müxtəlif illərdə pandemiya, neftin qiymətinin kəskin düşməsi və s. kimi faktorlar maneələr yaradırdı.
Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı uzunmüddətli xarakter daşıyır. Bu marşrut etibarlı və təhlükəsiz olarsa, Asiyadan Avropaya dünya yükdaşımalarının bir hissəsini öz üzərinə götürə bilər.
Bütün bunlarla yanaşı, biz mövcud problemlərin əksəriyyətini birgə gücümüzlə aradan qaldıra bilərik. Birincisi, 1990-cı illərdən fərqli olaraq, bu gün bizim resurslarımız var, inkişaf üçün maliyyə institutları yarada bilərik. İkincisi, regional ticarət-iqtisadi əlaqələr qlobal iqtisadiyyatdakı problemləri kompensasiya edə bilər. Bu, Mərkəzi Asiya regionu liderlərinin son görüşündə özünü açıq şəkildə büruzə verdi.
- Qazaxıstan şirkətlərinin təcrübəsi Azərbaycanda hansı sahələrdə daha faydalı ola bilər?
- Qazaxıstanda 367 min şirkət qeydiyyatdan keçsə də, cəmi 60 şirkətin nümayəndəsi Prezidentlə Azərbaycana gəlmişdi. Azərbaycana maraq göstərən şirkətlərin sayı, yəqin ki, artacaq. Başa düşməliyik ki, biz indi planlı iqtisadiyyat deyil, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Ona görə də qazaxıstanlı iş adamlarının Azərbaycan iqtisadiyyatına marağı ölkənizdə yaradılan biznes mühitindən asılıdır. Əlverişli şərait olacağı təqdirdə Qazaxıstandan Azərbaycana investisiyalar gələcək. Əgər konkret sahələr haqqında danışırıqsa, son illər biz tikinti sektorunu fəal şəkildə inkişaf etdiririk. Qazaxıstanda böyük transformator istehsalçısı var. Onun məhsulları rəqabətə kifayət qədər davamlıdır, Rusiyanın analoji istehsalçıları indi Qazaxıstan bazarına daxil ola bilmirlər. Ölkəmizdə maliyyə və bank sektoru da yaxşı inkişaf edib. Bu sahənin inkişaf səviyyəsi xidmətlərin rəqəmsallaşmasında özünü aydın şəkildə büruzə verir. Bu, qazaxıstanlıların həyatını asanlarşdırır, vətəndaşlarımız əməliyyatların çoxunu smartfonlar vasitəsilə həyata keçirirlər.
Düşünürəm ki, başqa bir məsələni də nəzərdən keçirməyə dəyər: Qazaxıstan sahibkarlarının Azərbaycan bazarı, buradakı iş həyatının xüsusiyyətləri haqqında tam məlumatları yoxdur. Aydındır ki, ortaq informasiya məkanının olmaması ölkələr arasında qarşılıqlı investisiya qoyuluşuna mane olur...
- Sonda ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı ilə bağlı fikirləriniz maraqlı olardı...
- Qeyd etdiyim kimi, Qazaxıstan və Azərbaycan regionun böyük iqtisadiyyata malik ölkələri olsa da, qarşılıqlı ticarət dövriyyəsinin potensialı hələ tam reallaşmayıb. Bizim üçün iqtisadiyyatın şaxələndirilməsi aktualdır. Bu səbəbdən də xarici ticarətdə ölkələrimizin istehsalçılarına üstünlük verilməlidir. Əvvəllər Azərbaycan Qazaxıstandan dəmir yolu avadanlığı alırdı, hesab edirəm ki, bu ənənəni yenidən bərpa etmək olar. Neft-kimya sənayesi, turizm, mütəxəssis hazırlığı, ümumilikdə təhsil miqrasiyası da önəmli sahələrdir. Mineral sərvətlər, kənd təsərrüfatı məhsulları - bütün bunlar əməkdaşlığımızın istiqamətləri arasındadır və yaxın gələcəkdə də aktual olaraq qalacaq...
Tamilla Məmmədova