Qrant vəsaitindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?

2022.09.08 14:57 (UTC+04:00)

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən, qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

“Qrant haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması "Sosial sığorta haqqında" Qanun ilə tənzimlənir.

"Sosial sığorta haqqında" Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növlərinin siyahısı verilmişdir və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Əsas: “Qrant haqqında” Qanunun 1-ci, 5-ci, 15-ci və "Sosial sığorta haqqında Qanunun 15-ci maddələri.