Çexiya ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

2022.09.06 11:49 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədov Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb, ölkəmizdəki fəaliyyətində səfirə uğurlar arzulayıb.
İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran nazir müavini Azərbaycan-Çexiya Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, innovasiya, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.
Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri barədə məlumat verilib, Çexiya şirkətləri Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edilib.
Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib və Azərbaycan-Çexiya faydalı əməkdaşlığını qeyd edərək, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə iqtisadi-ticarət əməkdaşlığının və investisiya layihələri üzrə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb.