İqtisadiyyat naziri: “Azərbaycanın qeyri-neft ixracının həcmi ilin əvvəlindən 24 faizdən çox artıb”

2022.09.02 11:34 (UTC+04:00)

“Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın qeyri-neft-qaz sahələrinin inkişafıdır. Bu məsələ dövlət başçısının daimi nəzarətindədir”. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Haqqın.az” saytına müsahibəsində deyib.

Nazirin qeyd etdiyi kimi, bu məqsədlə qeyri-neft-qaz sektorunun rolunun daha da yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafı, iqtisadiyyatın karbohidrogenlərdən asılılığının azaldılması və infrastrukturun yenilənməsini təmin edən müvafiq dövlət proqramları və onlara əlavələr qəbul edilib və uğurla icra olunur: "Görülmüş tədbirlərin nəticəsi göz qabağındadır. İlin əvvəlindən qeyri-neft ixracının həcmi, demək olar, 1,7 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 24 faizdən çoxdur. Bu rəqəm daha yüksək ola bilərdi, lakin ərzaq təhlükəsizliyinin və zəruri ərzaq məhsullarının qiymət sabitliyinin təmin edilməsi məqsədilə cari ilin mart ayının ortalarından hökumət bir sıra ərzaq məhsullarının ölkədən ixracının tənzimlənməsi üçün xüsusi rejim tətbiq edib. Bu, daxili bazarın təminatı baxımından arzuolunan nəticəni verib, lakin bəzi pozisiyalar üzrə ixracın həcmini azaldıb”.

Nazir əlavə edib ki, ümumilikdə neft və qaz ixracı 2,1 dəfə artaraq 20,9 milyard dollara çatıb. "İlin əvvəlindən ötən 7 ay ərzində xarici ticarət balansının müsbət saldosu 15,1 milyard dollar təşkil edib. Həmin dövrdə sənaye məhsullarının ixracı 36,4 faiz artıb. Yalnız alüminium və ondan hazırlanan məmulatların ixracı 99 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar - 28,1 faiz, kimya sənayesi məhsulları - 3,6 dəfə, o cümlədən gübrələr - 6 dəfə, metil spirtinin ixracı 3,5 dəfə artıb", - nazir vurğulayıb.