Neft Fondu 2021-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

2022.08.26 15:10 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci il üzrə fəaliyyətinin yekunları barədə icmalı təqdim edib. ARDNF tərəfindən şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında yekun hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir.

ARDNF-dan bildirilib ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının 2022-ci il iyunun 10-da keçirilən iclasında Fondun 2021-ci ildə fəaliyyəti barədə yekunları, ötən ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun rəyi, habelə 2021-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərdən keçirilib. ARDNF-nin ötən il büdcəsinin gəlirlərinin 15 milyard 985,7 milyon manat və yaxud 199,8 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milayrd 382,7 milyon manat və ya 92,9 faiz səviyyəsində icrası Azərbaycan Respublikasının Prezidentinin iyulun 8-i 2022-ci il tarixli ARDNF-nin keçən il büdcəsinin icrası haqqında Sərəncamı ilə təsdiq edilib.

İcmalda ölkənin makroiqtisadi inkişafında, fiskal dayanıqlılığın qorunmasında Fondun yeri, gəlir və xərcləri, maliyyələşdirdiyi dövlət proqramları və layihələri haqqında ətraflı analitik və statistik təhlil verilib.

İcmalda diqqəti çəkən məqam ondan ibarətdir ki, 2021-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 1 milyard 933,8 milyon ABŞ dolları və yaxud 3 milyard 287,4 milyon manat məbləğində gəlir əldə edilib ki, bu da büdcədə nəzərdə tutulan gəlirlərə nisbətən 2 milyard 527,7 milyon manat və yaxud 332,7 faiz daha çoxdur. Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 4,5 faiz təşkil edib ki, bu da büdcədə nəzərdə tutulan gəlirlilik göstəricisi ilə müqayisədə (1,09 faiz) 3,4 faiz çox, 2020-ci il ilə müqayisədə 1,67 faiz çoxdur. 2020-ci ilə nisbətən gəlirliliyin yuxarı olmasının səbəbi cari ildə səhmlər və daşınmaz əmlak üzrə gəlirliliyin yuxarı olmasıdır.