Rəşt-Astara dəmir yolunun tikintisi Rusiya və İran üçün prioritet istiqamətdir

2022.08.26 13:05 (UTC+04:00)

Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin ən vacib seqmentidir. Bu yol dövlətlərin tranzit və ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq.

Bu sözləri İranın 1-ci vitse-prezidenti Məhəmməd Müxbir deyib. Tehranda səfərdə olan Rusiya Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi İqor Levitin ilə görüşən vitse-prezident iki ölkə arasındakı iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. Nəzərə çatdırılıb ki, Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması tərəflər üçün prioritet istiqamətdir.

İqor Levitin Rusiya mətbuatına verdiyi açıqlamada qeyd edib ki, Rəşt-Astara dəmir yolu iki ölkə arasındakı tranzit və ticarət əlaqələrinin inkişafına səbəb olacaq. Rusiya bu yoldan istifadə edərək Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirəcək.

Nəzərə çatdıraq ki, Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt-hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Lakin sanksiya altında olan İran iqtisadiyyatı yolun tezliklə inşa edilib başa çatmasına imkan vermir. Bu yolun Rusiya üçün əhəmiyyəti böyük olduğu üçün rəsmi Moskva İrana yardım etmək qərarına gəlib.

Xatırladaq ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətti çəkilib və körpü salınıb. Rəştdən Astaraya qədər 160 kilometrlik dəmir yolu tikildikdən sonra Rusiya, İran və Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu isə hər 3 dövlətə Fars körfəzi ölkələri ilə yanaşı, Hindistan və Cənub Şərqi Asiyanın digər ölkələri ilə tranzit və ticarət əlaqələrinin yaranmasına səbəb olacaq. Eyni zamanda, bu dövlətlər Avropa ilə Asiya arasında yükdaşımalardan gəlir əldə edəcəklər.