Cənubi Çin dənizində yerləşən Haynan adası regional hökumətinin açıqlamasında bildirilib ki, "Karbon zirvəsi icra planı" çərçivəsində 2030-cu ildən etibarən adada ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin satışı qadağan ediləcək, əvəzində elektriklə işləyən avtomobillər üçün vergi güzəştləri tətbiq olunacaq və elektriklə işləyən avtomobillərin enerjidoldurma şəbəkəsi genişləndiriləcək.
Plana görə, 2030-cu ilə qədər Haynanda istifadə edilən avtomobillərin 45 faizinin elektriklə işləməsi, eləcə də ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin girişinin qadağan ediləcəyi şəhərdə “sıfır emissiya sahələrinin” yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Çin Kommunist Partiyası ölkənin sənaye şəhərlərində havanın çirklənməsini azaltmaq və avtomobil sənayesində liderliyi ələ keçirmək üçün elektriklə işləyən avtomobillərin təşviqini dəstəkləyir. Keçən il dünya üzrə elektriklə işləyən avtomobillərin satışının yarıdan çoxu Çinin payına düşüb.