Əsasnaməyə edilmiş dəyişikliklər işçilərin mənafeyinə xidmət edir

2022.08.24 10:09 (UTC+04:00)

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Əsasnaməyə edilən dəyişikliklə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərin əhatə dairəsi genişləndirilib. Dəyişikliyə əsasən, Əsasnamənin 28-ci hissəsində “işçinin əməkhaqqı gəlirləri üzrə qazanc” məfhumu “məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc” ifadəsinə dəyişdirilib. Yəni dəyişikliyə qədər işçiyə müavinət hesablandıqda yalnız onun əməkhaqqı əsas götürülürdüsə, dəyişiklikdən sonra işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan bütün gəlirləri nəzərə alınacaq.

Misal 1: İşəgötürən işçiyə 2022-ci ilin avqust ayında maddi yardım verib. Sentyabr ayında işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, işəgötürən müavinət hesabladıqda maddi yardım son 12 ay üzrə hesablanacaq gəlirlərə aid ediləcək. Dəyişikliyə qədər isə maddi yardım əməkhaqqının tərkib hissəsi olmadığı üçün nəzərə alınmırdı.

Misal 2: 2022-ci ilin sentyabr ayında hamiləliyə və doğuşa görə məzuniyyət hüququndan istifadə edən işçiyə həmin ilin aprel ayında istifadə edilməmiş məzuniyyətə görə ödəniş hesablanıb. Dəyişikliyə qədər həmin məbləğ nəzərə alınmırdı: çünki Əmək Məcəlləsinin 157-cü maddəsinin üçüncü hissəsinə əsasən, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 189 saylı qərara edilmiş dəyişiklikdən sonra istifadə edilməmiş məzuniyyətə görə hesablanan məbləğdən məcburi dövlət sosial sığorta haqqı hesablandığı üçün bu məbləğ işçinin gəlirlərində də nəzərə alınacaq.
Göründüyü kimi, Əsasnaməyə edilmiş dəyişiklikdə işçinin mənafeyi nəzərə alınıb. Bundan sonra işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, məcburi dövlət sosial sığorta haqqı hesablanan digər qazanclarının nəzərə alınması nəticəsində işçiyə ödəniləcək məbləğ də artacaq.