Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2022.08.23 17:21 (UTC+04:00)

Avqustun 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 milyon manat həcmində, tədavül müddəti 1092 gün (effektiv gün 1036) olan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 93,2777 manat (7,8512 faiz) və 100 manat (5,2806 faiz) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96,9302 manat (6,4273 faiz), orta ölçülmüş qiyməti 97,7278 manat (6,1252 faiz) müəyyən olunub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 105 milyon 609 min 100 manat, yerləşdirilmiş həcmi isə 45 milyon manat təşkil edib.

İstiqrazlar 2025-ci il iyunun 24-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 24-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.