ABŞ Maliyyə Nazirliyi varlıların fırıldaqlarına nəzarət etmək üçün vergi sistemini modernləşdirir

2022.08.23 13:20 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden “İqlim, vergi və sağlamlıq aktı”nı təsdiqləyəndən sonra maliyyə naziri Canet Yellen ölkənin vergi administrasiyasına altı ay ərzində müştərilərə xidmət üçün kompüter sisteminin təkmilləşdirilməsi və yeni kadrların işə cəlb edilməsi üçün plan hazırlamağı tapşırıb.

Rusiyanın TASS agentliyinin yazdığına görə, Yellen orta təbəqənin vergi ödəyib-ödəməməsinə nəzarət edən, lakin çox vaxt varlı amerikalıların fırıldaqlarını diqqətdən kənarda qoyan iki səviyyəli vergi sisteminə son qoymağa çağırıb. ABŞ Xəzinədarlığı vergi idarəsinin kompüter sistemlərinin modernləşdirilməsini və yeni kadrların işə götürülməsini zəruri hesab edir. Çünki yaxın 5 ildə ən azı 50 min vergi işçisinin təqaüdə çıxmağı planlaşdırılır.

Yellen vergi adminisrasiyası IRS-dən "geri qalmış informasiya texnologiyaları sistemini təkmilləşdirmək" yolu ilə vergi ödəyicilərinə xidməti köklü şəkildə yaxşılaşdırmağı və vergidən yayınan varlı vətəndaşları tapmaq üçün yeni işçilərin işə götürülməsinə və onların təliminə sərmayə qoymağı tələb edib.