İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2022.08.23 10:03 (UTC+04:00)

Avqustun 25-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu” ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, emissiyanın həcmi 25 milyon manat, nominal qiyməti min manat, hərrac qiyməti 1,005.0555 manat, tədavül müddəti 7200 gün, faiz dərəcəsi 3,25 faizdir. “Unicapital İ.Ş” ASC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin olunacaq. Fondun ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.