Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktı tərtib edilməlidir. Məcəllənin 71-2.1. maddəsində isə göstərilir ki, 130.1-1-ci maddənin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
“Nağdsız hesablaşma haqqında” qanunun tələblərinə görə, vergi ödəyiciləri vergi ödəyicisi olmayan fiziki şəxslərdən yalnız qanunun 3.5-ci maddəsində göstərilən malları nağd qaydada satın ala bilər.
Vergi ödəyicisi “Nağdsız hesablaşma haqqında” qanunun tələblərinə əməl etməlidir. Digər tərəfdən, Vergi Məcəlləsinin 2.2, 2.3, 16.1.11-10, 71-2.1-ci maddələrini nəzərə almaqla elektron alış aktıyla alınan malın satışı zamanı Məcəllənin 14.6.5-ci maddəsinin müddəaları gözlənilməklə satılan malın maya dəyəri xərc kimi tanınmalı və ya Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən, şərti rentabellik norması tətbiq edilməlidir.
Misal 1: Elektron avadanlıqların satışı ilə məşğul olan “AA” MMC vətəndaşdan (fiziki şəxs) elektron alış aktıyla 700 manata aldığı elektron mühərriki 1.000 manata “BB” MMC-yə satıb. Bu əməliyyat zamanı yaranan mənfəəti hesablayaq.
1-ci hal:
Gəlir - 1.000 manat
Xərc - 700 manat
Mənfəət: = 300 manat (1000-700)
2-ci hal (səyyar yoxlama zamanı):
Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı təqdirdə vergi orqanı Şərti Rentabellik Norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı formada müəyyən edir:
M\=G/(100+R)*R
Burada:
M - vergi ödəyicsinin mənfəəti
G - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir
R - Şərti Rentabellik Norması
Misala uyğun olaraq
G = 1.000 manat
R = 20%
M (mənfəət) =1.000/(100+20)%*20%=1.000/6=166.66 manat.
Qeyd edək ki, burada 20 faiz 120 faizin 1/6 hissəini təşkil etdiyi üçün gəlir 6-ya bölünüb.