Yeni pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyası müddəti açıqlandı

2019.04.25 17:27 (UTC+04:00)

Mərkəzi Bank bu il martın 18-dən etibarən tədavülə buraxılmış yeni dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanlarının nağd ödəniş avadanlıqlarında adaptasiyası ilə bağlı məlumat yayıb. Bildirilib ki, beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən yeni pul nişanlarının tədavülə buraxılmasına dair məlumatlar rəsmi elan olunduqdan sonra ölkə ərazisində istismar edilən nağd ödəniş avadanlıqlarının uyğunlaşdırılması (adaptasiyası) məqsədilə dövriyyəyə məhdud sayda müvafiq pul nişanları buraxılır və bu proseslər müəyyən vaxt ərzində (beynəlxalq təcrübədə 10 ayadək müddətdə) həyata keçirilir.

Hazırda Mərkəzi Bank tərəfindən tədavülə 10 manatlıq əskinas üzrə ümumi dövriyyənin 0,5 faizi həcmində yeni 10 manatlıq pul nişanı buraxılıb. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir. Hazırda qeyd edilən təşkilatlar müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görür və müvafiq sistemlərin uyğunlaşdırılmasının bu il may ayının sonlarınadək tam yekunlaşdırılması nəzərdə tutulur.